"Hər iki komanda üçün vacib oyundur. Bu il Avroliqada son oyundur. Ümumi nəticəyə baxsaq, xal fərqimiz çox azdır. Rəqib komandanın baş məşqçisinin fikirlərini oxudum. Hiss olunur ki, ciddi hazırlaşıblar və səbirsizliklə oyunu gözləyirlər. Ola bilsin ki, sabah daha çox güc sərf etməli olacağıq".

"Unikal" qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq"a qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibi məğlub edəcək gücə qadir olduqlarını bildirib: "Bu, bizim üçün vacib olacaq. Səliqəli oynamalıyıq. Bunun üzərində maksimum düşünməliyik. Çalışacağıq ki, sərfəli nəticə ilə meydanı tərk edək. Tam olmasa da, sabahkı oyuna hazırıq. Həqiqətən, çox vacib oyundur. Biz 3 xal qazanmaq gücündəyik. Sadəcə futbol elə bir səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibdən 3 xal ala bilər. 

Sabah bizim qarşımızda intizamlı komanda olacaq. Qeyd etdiyim kimi, onlara qarşı daha çox güc sərf edəcəyimiz mümkündür. Düşüncələrimiz meydanda tam həyata keçərsə, bu komandaya qalib gəlmək gücündəyik. Baxmayaraq ki, çox yaxşı kollektivdirlər. Diqqətli, intizamlı oynasaq, qələbə əldə edə bilərik. O güc bizdə var". 

Mütəxəssis zədəli futbolçulardan da söz açıb: "İtkilərimiz var. Əsas da müdafiə xəttində. Bu, görünən tərəfdir. Bəhlul, Medina yoxdur. Amma komandanın görünməyən tərəfləri var. Bəzi oyunçuların da kiçik zədələri var. Bu, bizi narahat edir. Sabaha qədər vaxtımız var. Həkimlərlə məsləhətləşib qərar verəcəyik. Meydança amili də var. Süni meydança zədəyə daha sərt reaksiya verə bilər. Ona görə də görünməyən tərəfdə problemlərimiz var. Amma təcrübəli oyunçularımız var. Ən uyğun addımı atmağa çalışırıq".