"Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırış edən bəyanat səsləndirib.  Blinkenin insan hüquqları sahəsində mükafatlandırdığı ölkələr Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan bir neçə  insan hüquq müdafiəçisidir".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Deputatın sözlərinə görə, onda belə hesab etmək olar ki, ABŞ-da, Fransada, Niderlandda və digər Qərb ölkələrində insan hüquqlarının müdafiəçilərinə ehtiyac yoxdur:

"Yəni, belə çıxır ki, insan hüquqları termini Qərbin sabitliyi pozmaq istədiyi ölkələrə aiddir. Çünki, özləri insan hüquqlarından uzaq olduğu halda bizdən insan hüquqları və demokratiyanı tələb edirlər. Qeyd etmək istəyirəm ki, həbs olunanlara qarşı qaldırılmış ittihamlar kifayət qədər əsaslıdır və ona görə də saxlanılırlar. İstintaq tədbirləri başa çatandan sonra onların azad olunacağı və ya da həbsdə saxlanılacağı ilə bağlı qərarı məhkəmə verəcək. Hüquqi dövlətlər məhkəminin qərarlarına hörmətlə yanaşır. Blinkenin ölkəmizin daxili işlərinə qarışıb məhkəmənin işinə təsir etməyə çalışmasın. Əgər Blinkenə həqiqətən insan hüquqları maraqlıdırsa, Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının və öz vətənində 30 il məcburi köçkün həyatını yaşamağa məcbur edilərək bütün mədəni irsi dağıdılmış azərbaycanlıların hüquqlarının müdafiəsindən  danışsın.  Amma Blinkenə azərbaycanlıların hüquqları deyil, onların maliyyələşdirərək çirkin planlarını həyata keçirməyə çalışan bir qrupun hüquqları maraqlıdır. Məhz ona görə də onlar mükafatlandırılır və işlədilən cinayətlərə baxmayaraq azad olunmalarını istəyir.

Blinkenin hakimiyyətinə də çox zaman qalmayıb. Bir aydan sonra Tramp administrasiyası formalaşcaq və Blinkenin qərəzli açıqlamaları tarixin arxivinə qovuşacaq. Azərbaycan dövləti Blinkenin diktəsi ilə kimisə həbs edib və ya həbsdən azad etmir. Dövlətimiz məhkəmənin qərarlarına hörmətlə yanaşır və cinayətkar əməlləri sübut olunan hər bir şəxsin əməlləri hüquqi müstəvidə dəyərləndirilir".

Anar Kəlbiyev