“Mən 18 il Rusiya kimi böyük və çətin ölkədə səfir vəzifəsində çalışmışam. Bu işlərin içində olduğum üçün vurğulayım ki, bu qanun çox gözlənilirdi”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Polad Bülbüloğlu deyib.
“Təbii ki, bu 20 il ərzində bəzi problemlər yığılıb. Bu qanun layihəsi problemlərin əksəriyyətini həll edir və bizim diplomatların xaricdə işləməsi üçün çox gözəl imkanlar yaradır, bundan sonra daha da səmərəli işləməyə vadar edir. Prezidentə dərin təşəkkür edirəm. Bildiyiniz kimi, bir il bundan öncə diplomatların maaşları xeyli artıb. Yeni qanunda qalan məsələlər də həll olunub. Qeyd edim ki, indiki XİN rəhbərliyi səfirlərin işinə çox diqqətlə yanaşır, problemləri həll etməyə çalışır, vəziyyət ildən ilə düzəlir. Lakin artıq bu qanun qəbul olunandan sonra tam qanuni əsaslarla bu məsələlər həll olunacaq”, - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev