“Təklif edirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə yenidən baxaq. Ümid edirəm ki, 2025-ci il ölkəmizdə böyük islahatlar ili olacaq və bu islahatlar çərçivəsində dövlət hakimiyyətinin həyata keçirilməsindəki ifrat mərkəzləşmə müəyyən mənada aradan qaldırılacaq”.  

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız şəhərlərin, qəsəbələrin baş planlarını təsdiq etməlidir, tikintiyə icazəni isə yerli dövlət hakimiyyəti orqanları verməlidir:

“Bakıda güclü yağış yağanda Binəqədi, Suraxanı və Sabunçu rayonlarında çoxunun sənədləri olmayan birmərtəbəli evlər su ilə dodular və insanlar nə qədər böyük əziyyət çəkdilər, məhrumiyyətlərlə üz-üzə qaldılar. Bir rəqəmi diqqətinizə çatdırım ki, bu il ötən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5 faiz azalıb. Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül məsələyə çevrilib. Ona görə də bu zərurətdən çıxış edərək bunu söyləyirəm. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dünən mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda Bakı şəhərində 200-ə qədər qəzalı bina var. Yəni, bu binaların qısa müddətdə sökülüb, yerində müasir binaların tikilməsi üçün addımlar atılmalıdır. Müəyyən işlər görülür və görülən işlərin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Amma bu işlər həddindən artıq ləng görülür. Sahibkarlar bəzən illərlə gözləməli olurlar ki, onların müraciətlərinə hansısa formada cavab veriləcək".

Anar Kəlbiyev