Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi davam edir.
"Unikal" xəbər verir ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin növbəti günündə düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu və Zəfər parkını ziyarət ediblər.
Bugün isə Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko düşərgə iştirakçıları ilə görüşüb. Dəyirmi masa arxasında səmimi şəraitdə keçən görüş zamanı cənab səfir bu kimi layihələrin iki ölkə arasındakı ictimai-mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib və bütün iştirakçılara gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edir. Düşərgə ərzində iştirakçılar müxtəlif istiqamətli peşəkar təlimlərdə iştirak edəcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarını ziyarət etmək şansı əldə edəcəklər.