"Ermənistanın büdcəsində müdafiə və təhlükəsizlik üçün 1,7 milyard dollar nəzərdə tutulub. Bu vəsaitə Fransadan, Hindistandan və digər ölkələrdən pulsuz, kreditlə alınan silahlar aid deyil. Bunları da onun üzərinə gəlsək, həddindən artıq böyük rəqəm alınır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib. Komitə sədrinin sözlərinə görə, bu o deməkdir ki, Ermənistan ciddi cəhdlə müharibəyə hazırlaşır:
"Bunun qarşısı mütləq alınmalıdır. Təbii ki, bu Azərbaycanı qorxutmur. Bizim də 8,4 milyard manatlıq müdafiə və təhlükəsizlik büdcəmiz var. Azərbaycan daxili və xarici siyasətini müstəqil aparır. Onlara da hər an cavab verməyə hazırıq. Ermənilər başa düşməlidir ki, bu silahlanma regionda ciddi konfliktə, müharibəyə gətirib çıxara bilər. Bu, növbəti yanar ocağın yaranmasına səbəb olar. Ermənilər bundan nəticə çıxarmalı, silah-sursatın gətirilməsi məsələsini birdəfəlik dayandırmalıdır. Bunu onların havadarları və digərləri də bilməlidir. Məlumdur ki, Fransa heç bir vaxt gəlib Ermənistan vətəndaşını qoruyan deyil. Ona görə də bu cür silahlanmanın qarşısı alınmalı, Ermənistana təzyiq mexanizmindən istifadə edərək onu bu yoldan daşındırmaq istiqamətində addımlar atılmalıdır".
Anar Kəlbiyev