Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilən, əvvəllər məhkum olunan Qasımov Rufan Arif oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatina görə, prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib. Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb:
"16 min manat verib iki ədəd 211 ilə başlayan "Azərcell" nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə 500 manat dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm".
Məhkəmənin növbəti gedişində təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib: "Xaçmazın prokuroruna saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir 9 min manat xəstəliyinə pul lazım olurdu. Haradan tapardım o qədər pulu?".
Təqsirləndirilən şəxs Rufan Qasımov 2 vəsatətlə məhkəməyə müraciət edib. Hakim isə vəsatətlərə baxılmasını növbəti məhkəmə prosesinə saxlayıb.
Həmçinin, məhkəmə istintaqının gedişi zamanı məlum olub ki, Rufan Qasımov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi və Suraxanı Rayon Məhkəməsində başqa cinayət işləri davam edir.
Məhkəmə prosesi fevralın 12-nə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işində 3 nəfər şəxs və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC zərərçəkmiş şəxs qismində tanınıb.
Seymur Əli