"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Həm topla, həm də topsuz meydanda çox düzgün davrandılar. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk matçından sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra AFFA İcariyyə Komitəsinin iclasında verilən qərarlara münasibət bildirib: "Komanda sayının artırılması müsbət haldır. Hansı komanda gələcəksə, həmin bölgələrdə futbola maraq artacaq. Bəlkə də yeni futbolçular üzə çıxacaq. Komanda sayının artmasının hansı keyfiyyəti verəcəyini hazırda deyə bilmərəm. Amma gələcək üçün faydası olacaq. Sonuncu yeri tutan komanda aşağı liqanın 3-cüsü ilə pley-off oynasa, daha maraqlı, ədalətli olar. Bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. Ondan sonra tam dəqiq deyə bilərəm. 4-5 variant var idisə, onlardan biri bu idi. İndidən bilsələr ki, sonuncu yeri tutan komanda Premyer Liqada qalacaq, hansısa futbolçuda, məşqçidə arxayınlıq yarada bilər".