Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsində tələbələrin iştirakı ilə “Xaricdə təhsil və iş” mövzusunda görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşün qonağı dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Amazon”un proqram təminatı mühəndisi, beynəlxalq təcrübəyə malik mütəxəssis Fərman Fərmanov olub.
Görüşdə tələbələrlə yanaşı Dizayn fakültəsinin dekanı Fərid Kərimov akademik heyət və tələbələr iştirak ediblər.
İnteraktiv formada təşkil olunan görüşdə Fərman Fərmanov tələbələri xaricdə təhsil və karyera imkanları, dizayn ixtisasının sahələrinə daxil olan interyer dizaynı, qrafik dizaynı, mühit dizaynında informasiya texnologiyalarının imkanlarından istifadə, süni intellekt sahəsindəki yeni trendlər, bu trendlərin dizayna təsiri barədə məlumatlandırıb. Beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün vacib hesab edilən bilik və bacarıqlardan danışıb, şəxsi təcrübələrini bölüşüb və tələbələrə faydalı tövsiyələr verib.
Qeyd edək ki, Fərman Fərmanov Mançester Universitetində Kompüter elmləri üzrə bakalavr, Oksford Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb.
Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların gələcək karyera inkişafı, qlobal əmək bazarına inteqrasiyası baxımından əhəmiyyətli bir təcrübə olub.