Mədəniyyət naziri Adil Kərimli Astanaya səfəri çərçivəsində fevralın 7-də Beynəlxalq Türk Akademiyasının (BTA) qərargahında olub və qurumun prezidenti akademik Şahin Mustafayevlə görüşüb.
"Unikal" xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın binasında yaradılmış şərait və muzeylə tanış olublar.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı ilə əlaqədar Astanada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev, Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər türk respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Söhbət zamanı Şahin Mustafayev BTA-nın əsas fəaliyyət istiqamətləri və hazırkı layihələri barədə məlumat verib.
Adil Kərimli BTA-nın Türk dünyasının inkişafına xidmət edən əhəmiyyətli layihələrini, o cümlədən türk mədəniyyəti, irsi və tarixi ilə bağlı həyata keçirdiyi tədqiqatları yüksək qiymətləndirib. O, 2023-cü ilin 13 oktyabr tarixində Şuşada keçirilən və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda BTA-nın “Türk dünyasının ortaq kökləri və tarixi-mədəni irsi” mövzusunda panel iclasının təşkilinə dəstək verdiyini vurğulayıb.
Nazir həmçinin bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunun təşkilində BTA ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarını da fəal iştirak etməyə dəvət edib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.