"Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işində zərərçəkmiş şəxs qismində “Crocus International” şirkəti tanınıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Crocus International Səhmdar Cəmiyyəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 205.5, 222, 223.1-ci maddələri (terror aktı, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi, terror təşkilatının fəaliyyətində iştirak) ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş kimi tanınsın", - sənəddə deyilir. Terror aktı nəticəsində yanan və hazırda istifadə olunmayan "Crocus City Hall"un sahibi “Crocus International” ASC-dir.

Cinayət-Prosessual Məcəlləyə əsasən, zərərçəkmiş şəxsin iş materialları ilə tam tanış olmaq, məhkəmə baxışında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi barədə mülki iddia qaldırmaq hüququ vardır. Zərərçəkmiş hüquqi şəxsdirsə, bütün bu hüquqlar onun nümayəndəsi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şirkət məşhur azərbaycanlı milyarder Araz Ağalarova məxsusdur. 

Ağarza Elçinoğlu