Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə, Rayon İcra Hakimiyyəti, Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyinin birgə təşəbbüsü ilə Novruz bayramı tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə icra başçısı Məhərrəm Quliyev, Hərbi Prokurorluğun rəsmi şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Hərbi Hissənin rəhbərliyi və şəxsi heyəti, bir qrup şəhid ailəsi, qazi və ictimai fəallar iştirak ediblər.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən şanlı 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin ən qürurlu və qızıl səlnaməsi olduğunu qeyd edən icra başçısı Məhərrəm Quliyev çıxışında, azad edilmiş torpaqlarımızda əsaslı və genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib.
İcra başçısı vurğulayıb ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası ilə insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılır.
Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri abadlaşır və yenidən gözəl bir diyara çevrilir. Məhz cənab Prezidentimiz tərəfindən 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi də mənəvi və siyasi baxımdan çox əlamətdardır. Tədbirdə, hərbi xidmətdə fəqrqlənən bir qrup hərbçiyə Rayon İcra Hakimiyyəti Başçısının "Fəxri Fərman"ları verilib. Rayonun mədəniyyət evlərinin və incəsənət nümayəndələrinin təqdimatında novruz adət-ənənələri və bayram konserti nümayiş etdirilib.