"Müasir beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı və ənənəvi diplomatik modellərin aşındığı bir dövrdə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə çoxşaxəli və dərin strateji məqamlarla zəngindir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Onun sözlərinə görə, bu çıxış regional və qlobal kontekstdə mühüm siyasi prioritetləri əks etdirir, həmçinin diplomatik yanaşmaların konturlarını aydın şəkildə ortaya qoyur.

"XII Qlobal Bakı Forumu bu gün beynəlxalq münasibətlərin təhlili və yeni ideyaların formalaşdırılması baxımından mühüm intellektual məkana çevrilib. Forum iştirakçılarının sırasında 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının olması onun yüksək siyasi və diplomatik nüfuzunu təsdiqləyir. Fikir müxtəlifliyinin təşviq edilməsi, alternativ mövqelərin açıq şəkildə ifadə olunması bu Forumun əsas üstünlüklərindəndir. Yeni dünya düzənində çeviklik, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və praqmatizm əsas prinsipə çevrilir. Belə şəraitdə diplomatik əlaqələrin etibarlılığı təşkilatlardan deyil, tərəfdaş ölkələrin siyasi iradəsindən asılı olur.

Cənubi Qafqazın onilliklər ərzində qarşıdurma və düşmənçilik bölgəsi olduğunu xatırladan Azərbaycan Prezidenti bildirib ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Sovet dövründə mövcud olan qonşuluq münasibətlərinə istinadla regional dialoqun bərpası ideyası diqqətəlayiqdir. Milli strategiyanın əsasını təşkil edən amil odur ki, Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Bu model dövlətin öz resursları və daxili potensialı hesabına suveren siyasət yürütməsinə əsaslanır.  

Prezident İlham Əliyevin “Euronews” müsahibəsi müasir diplomatiyanın, təhlükəsizlik siyasətinin və dövlət suverenliyinin strateji əsaslarını əks etdirən mühüm çıxışdır. Bu müsahibədə təqdim olunan fikirlər qlobal təlatümlər dövründə siyasi uzaqgörənlik, milli dayanıqlılıq və realist yanaşmanın nə qədər önəmli olduğunu bir daha təsdiqləyir. Dövlətlərin taleyi öz əllərindədir və müstəqil qərarlar verə bilən, daxili resurslarına güvənən ölkələr gələcəyin güc mərkəzləri olacaq".