2025-ci ilin martın 18-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.
İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib.
Sonra müsabiqəni uğurla başa vurmuş 38 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Eyni zamanda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarının başlanılması məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.