Qazaxıstan aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Bu barədə "Unikal"a hava limanının mətbuat xidmətindən bildirilib.
“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarənin yerli vaxtla 00:25-də uğurla eniş etdiyi açıqlanıb.
“Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb”, – hava limanı vurğulayıb.
Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salındığı, digər sərnişinlərin hotelə yerləşdirildiyi diqqətə çatdırılıb.
“Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir”, – mətbuat xidməti qeyd edib.