Futbol üzrə Misli Premyer Liqasında XXIX turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Qarabağ" evdə "Zirə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Ağdam təmsilçisinin yeganə qoluna 15-ci dəqiqədə Kadi Borges imza atıb.

Bu nəticədən sonra xallarının sayını 70-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 55 xala malik "Zirə" isə ikinci pillədə qalıb.

Günün ilk görüşündə "Sabah" "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

Tura aprelin 7-də yekun vurulacaq.