Futbol üzrə Misli Premyer Liqasında XXIX tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün son qarşılaşmasında “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edib. Liv Bona Dea Arenada təşkil olunan görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın qollarına 20-ci dəqiqədə Ramon Maçado (penalti), 65-ci dəqiqədə İqor Ribeyro imza atıblar.
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" üçüncü, 29 xala malik "Sumqayıt" yeddinci sırada qərarlaşıb.
Günün ilk matçında da "Neftçi" "Şamaxı"ya eyni hesabla qalib gəlib - 2:0.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "Kəpəz" "Sabah"a, "Qarabağ" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Turan Tovuz" görüşündə isə qapılara qol vurulmayıb.