Ağstafada bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Unikal"a bildirilib ki, aprelin 9-da saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.
"Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
*** 13:42
Ağtafada məktəbli bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, tənəffüz zamanı məktəbin 9-cu sinif şagirdləri arasında mübahisə düşüb. Mübahisə zamanı şagirdlərdən biri digərinə bıçaqla xəsarət yetirib. Məlumata görə, bıçaqlanan məktəbli yüngül xəsarət alıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, xəsarət almış şagirdin sağlamlığının və psixoloji durumu izlənilir:
“Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür".
Tural Əhmədov