Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramına dair müqavilə imzalanıb.
"Unikal" xəbər verir ki, onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycanla Çin arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirildiyini, ölkələrimizin iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.
Yaqub Piriyev dünyada qabaqcıl yer tutan PKTU ilə 2+2 modeli əsasında “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır və iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.
Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində ikili diplom proqramının qədim dostluq əlaqələrinə malik Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığının inkişafına xidmət edəcəyinə inandığını deyib. 1958-ci ildə qurulan, Çinin Təhsil Nazirliyinin tabeliyində olan PKTU-nun 63 ölkənin universitetləri ilə əməkdaşlığının mövcudluğunu önə çəkən rektor BMU ilə qurulan əlaqələrə xüsusu önəm verdiklərini qeyd edib. Həmçinin BMU ilə əməkdaşlığın digər istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Müqaviləyə əsasən, BMU-da “Kimya mühəndisliyi” ixtisasının 1 və 2-ci kurslarını müvəffəqiyyətlə bitirən tələbələr müvafiq prosedurları keçdikdən sonra PKTU-da “Kimya mühəndisliyi və texnologiyası” ixtisası üzrə 3 və 4-cü kurslarda təhsil ala biləcəklər.
İmzalanma mərasimində müqavilədən irəli gələn məsələlər, o cümlədən əməkdaşlığın başqa sahələr üzrə inkişaf etdirilməsi, müəllim, tələbə mübadiləsi və s. nəzərdən keçirilib.