Aprelin 18-də İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəlin Lənkəran rayonuna səfər edib. İsveçrəli diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.
"Unikal" xəbər verir ki, icra başçısı İsveçrə səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, xarici diplomatla rayonun İsveçrə ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb, qarşılıqlı maraq doğuran sualları cavablandırıb.
Tomas Ştəlin səmimi qəbula görə icra başçısına təşəkkür edib, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirakına toxunub, onların ölkəmizdə makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərindən danışıb, Lənkəranın turizm potensialının yüksək olduğunu qeyd edib.
Qeyd edək ki, isveçrəli diplomat səfər çərçivəsində “Laran” MMC Qənnadı məhsullarının istehsalı müəssisəsini və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini, "Azərxalça" ASC-nin Lənkəran filialını ziyarət edib. Daha sonra Heydər Əliyev Mərkəzində Lənkəranın turizm, tarix və mədəni irsini özündə əks etdirən sərgi, Hirkan və Qızılağac Milli parklarının stendləri ilə tanış olub, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və rayon ictimaiyyəti ilə birgə ölkəmizdə keçirilən "İsveçrə Film Günləri" çərçivəsində “Tale Məhkumları” adlı sənədli filmi izləyib.