Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycanın təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Qərbi Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında dövlət siyasətində gənclərə verilən önəmi və Qərbi Azərbaycan məsələsinin gənc nəslə düzgün çatdırılmasının əhəmiyyətini qeyd edib.
YAP İdarə heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının rəhbəri Şahin İsmayılov bildirib ki, Qərbi Azərbaycan məsələsi yalnız siyasi yox, eyni zamanda milli yaddaş və mənəvi borc məsələsidir.
İnteraktiv formada davam edən tədbirdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, Qərbi Azərbaycan İcmasının məsul əməkdaşı Anar İrzaquluyev, Azərbaycan Dillər Universitetinin tələbəsi Dunay Mahmudova, Bakı Slavyan Universitetinin tələbələri Nihad Namazlı, Əli Məmmədov və Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev çıxış edərək gənclər arasında maarifləndirmə təşəbbüsləri, sosial media kampaniyaları və beynəlxalq səviyyədə informasiya müharibəsində iştirak barədə danışıblar. Suallar və çıxışlar zamanı həmçinin Ermənistanın apardığı etnik təmizləmə siyasətinə qarşı hüquqi və tarixi arqumentlərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilməsi ilə yekun vurulub.