Rusiya Barens dənizi ilə bağlı 2007-ci ildə Norveç, Finlandiya və İsveçlə imzalanmış müqaviləni denonsasiya etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Bu sənəd Barens dənizində və Avro-Arktika regionunda əməkdaşlığın inkişafına kömək etməli olan Beynəlxalq Barens Katibliyinin yaradılmasını nəzərdə tuturdu.

Bundan əlavə, Moskva fövqəladə halların qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində birgə fəaliyyət haqqında 2008-ci il sazişindən də çıxır. Müqavilə Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçin daxil olduğu Barens Avro-Arktika Şurasının (BEAC) ölkələri tərəfindən imzalanıb. Rusiya 2023-cü ildə şuranı tərk edib.

Xatırladaq ki, fevral ayında Rusiya Azov dənizi və Kerç boğazında təhlükəsizliklə bağlı Ukrayna ilə razılaşmadan çıxıb.