Sumı vilayətinin sərhəd zonasında intensiv döyüş əməliyyatları davam edir. Ruslar Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmağa çalışırlar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski feysbuk səhifəsində yazıb.
Sırskiyə görə, ruslar öz rəhbərliyindən Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmaq və Sumı vilayətinin sərhəd ərazilərini ələ keçirmək əmri alıblar.
“Amma bu planın həyata keçirilməsinə bizim Müdafiə Qüvvələrinin bölmələri mane olur. Onlar fəal hərəkətləri ilə düşmənin bu istiqamətdəki hücumunun qarşısını növbəti dəfə alıblar”, – deyə Sırski bildirib.
Baş komandan briqada qərargahlarının komandirləri, əsas vəzifəli şəxsləri, qoşun növlərinin rəisləri ilə görüş keçirib, yerindəcə döyüşlərin təminatı və maddi-texniki təchizat, döyüş sursatlarının artırılması ilə bağlı zəruri qərarlar qəbul edib.
Eyni zamanda, qoşunların döyüş qabiliyyətinin inkişaf perspektivləri və gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və bütün növ briqadalarda pilotsuz sistemlərin sayının artırılması məsələləri də müzakirə olunub.
“Yalnız yüksək texnologiyalı silah növlərinin tətbiqində düşməni qabaqlamaq, robotlaşdırılmış platformaların və məsafədən idarə olunan döyüş modullarının say və keyfiyyət baxımından artırılması, süni intellektin silahlanmaya inteqrasiyası bizə sayca üstün olan düşməni səmərəli şəkildə məhv etməyə imkan verəcək”, – deyə Sırski vurğulayıb.