Aprel ayının 23-də futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
"Unikal" xəbər verir ki, oyunun 90-cı dəqiqəsindən sonrakı uzatmanın üçüncü dəqiqəsində 3-0 hesabı ilə məğlub olan "Araz-Naxçıvan" penalti ilə üzləşib. Oyunu idarə edən baş hakim Rəvan Həmzəzadə VAR-a baxdıqdan sonra həqiqətən penalti olduğunu dəqiqləşdirib. Lakin o, "Araz-Naxçıvan"ın qapısına penalti təyin etməyib.
Azarkeşlərdən biri tərəfindən çəkilən videoda Rəvan Həmzəzadənin bu qərarı əks olunub: "Razıyam sizinlə, uşaqlar. Penaldır, amma vermirəm. Oyuna davam edirik".
Daha sonra məlum olub ki, sözügedən epizodda top öncə "Qarabağ"ın futbolçusu Abdullah Zubirin əlinə, daha sonra "Araz-Naxçıvan"ın futbolçusuna dəyir. Buna görə də hakimin bu qərarı ədalətli hesab edilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Ağarza Elçinoğlu