"Bölgədə sülhə mane olan məsələlərdən biri də Avropa İttifaqının (Aİ) missiyasıdır".
"Unikal" xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adı ilə hibrid hücum” adlı xüsusi araşdırmanın təqdimatında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov deyib.
Deputat bildirib ki, Aİ-nin bölgədəki hərəkətlərinə nəzər saldıqda aydın olur ki, Missiya sərhədin Ermənistan tərəfində uzunmüddətli fortifikasiya işlərinin görülməsində, istehkam qurğularının inşa edilməsində məşvərətçi kimi çıxış edir:
""Müşahidəçiləri" isə döyüş əməliyyatlarının aparılması məqsədilə hərbi məsləhətlər verirlər. Bunu Fransanın müdafiə naziri Senatdakı dinləmələrdə dolayı yolla özü də etiraf edib. Aİ “müşahidəçilərinin” şərti sərhəddə qurulan hərbi postlara gələrək Azərbaycan ərazilərini izləməsi və buna uyğun olaraq erməni hərbçilərini təlimatlandırılması halları vizual olaraq da müşahidə edilib. Fransa tərəfindən Ermənistana hücum silahlarının verilməsi və ölkənin gələcəkdə hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Aİ tərəfindən aparılacaq missiyalara hazırlanması onu deməyə əsas verir ki, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişələr baş verə bilər".
R.Namazovun sözlərinə görə, təhlillər onu göstərir ki, hadisələr iki istiqamətdə inkişaf edilə bilər:
"Ermənistan Azərbaycana qarşı növbəti təxribata yol verir və region yeni müharibəyə sürüklənir. Qonşu ölkələrdən birinə qarşı hərbi əməliyyatlara start verilir və Ermənistanın da iştirakı ilə ərazisindən yeni cəbhə açılır. Eyni zamanda, II Qarabağ müharibəsinin bitməsindən EUMA müşahidəçilərinin regiona gəlməsinə kimi dövrü əhatə edən müddətdə əgər Ermənistan təxminən 20-yə yaxın ərazi üzrə hərbi təyinatlı tikililər inşa etmiş, yeni hücum/müdafiə mövqeləri hazırlamış, səngər, xəndək və sığınacaqlar qazmışdısa, 2022-ci ilin oktyabrından sonra bu rəqəm 70-ə qədər yüksəlmişdir. Hərbi infrastruktur dəyişikliklərinin Azərbaycanla şərti sərhəddə, eyni zamanda, İranla sərhədə yaxın ərazilərdə olması da hadisələrin yuxarıda qeyd edilən ssenarilər üzrə inkişaf etmək ehtimalını daha da artırır".