Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yaydığı açıqlamada hüquqi və fiziki şəxslərə, o cümlədən Prezident Administrasiyasının keçmiş müşaviri Aleksey Arestoviçə qarşı tətbiq olunan sanksiyaların səbəblərini izah edib.

"Unikal" xəbər verir ki, o bildirib ki, bu məhdudiyyətlər “Rusiya maraqları naminə aparılan təbliğatla” əlaqədardır.

Prezidentin sözlərinə görə, bu cür sanksiyalar digər ölkələrin sanksiyaları ilə birlikdə Rusiyaya qarşı təzyiqin “sinxronlaşdırılması” məqsədi daşıyır. Zelenski qeyd edib ki, sanksiya tətbiq edilən şəxslər arasında Ukrayna vətəndaşları da var.

“Onlardan 7 nəfəri, təəssüf ki, Ukrayna vətəndaşıdır. Onlar öz talelərini Rusiya dövlətinin maraqlarına uyğun təbliğatla bağlayıblar, müharibəni haqlı çıxarırlar, Ukraynaya və müharibədəki müdafiəmizə qarşı aktiv informasiya əməliyyatları həyata keçirirlər”, – deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Zelenski bu açıqlamadan əvvəl Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib. Müharibənin ilk dövrlərində Arestoviç Kiyev hakimiyyətinin mediada ən çox görünən simalarından biri olub. Lakin o, sonradan öz istəyilə vəzifədən istefa verərək ölkəni tərk edib. Hazırda isə mütəmadi şəkildə həm Prezident Ofisinin, həm də şəxsən Vladimir Zelenskinin siyasətini tənqid edir.