İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin inkişafını müsbət qiymətləndiriblər.

"Unikal" xəbər verir ki, bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

“İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında mükəmməl, konstruktiv və dostluq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkənin prezidentləri əməkdaşlığın gedişatını və birgə layihələrin həyata keçirilməsini müsbət qiymətləndiriblər”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, prezidentlər söhbət zamanı İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması məsələsini müzakirə ediblər. Dövlət başçıları bu qərarı “Tehran və Moskva arasında münasibətlərin dərinliyinin bariz göstəricisi” və siyasət, iqtisadiyyat, ticarət, təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsində dönüş nöqtəsi adlandırıblar.

*** 14:42

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu  barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Tərəflər yanvarın 17-də Pezeşkianın Rusiyaya səfəri zamanı imzalanmış iki dövlət arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq" haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, cari regional və beynəlxalq problemlər, o cümlədən Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Gülayə Mecid