Hindistan Pakistan ərazisində yerləşən infrastruktura qarşı "Sindoor" adlı hərbi əməliyyata başladığını elan edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Müdafiə Nazirliyinin məlumatına görə, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub.
Zərbələr yalnız mülki hədəflərə endirilib. Həmçinin, Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Pakistan ordusunun sözçüsü bildirib ki, İslamabadın cavab əməliyyatı artıq başlayıb. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, hava döyüşləri zamanı Hindistanın 5 hərbi təyyarəsi vurulub: üç Rafale qırıcısı, bir Su-30 və bir MiQ-29.
Ölkələr arasında münasibətlər aprelin 22-də baş verən terror aktından, mübahisəli Cammu və Kəşmir əyalətində bir qrup terrorçunun turistləri güllələyərək öldürməsindən sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Yeni Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb.
"Sindoor", evli hindli qadınlar tərəfindən saçlarının ayrılması boyunca və alında nöqtə kimi tətbiq olunan qırmızı bir tozdur. Hindistan hərbi əməliyyatı 26 nəfərin ölümü ilə nəticələnən Pahalqam terrorunda ərlərini itirən hindistanlı qadınların adını daşıyır.
Gülayə Mecid