Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev - Zəfər yolunun memarı!” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sonra “Heydər Əliyev - Zəfər yolunun memarı!” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Babaoğlu, Milli Məclisin deputatı Samir Vəliyev, Türk Ağsaqqallar İctimai Birliyinin sədri, “91-lər”dən Südeyf İmamverdiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Vətən Müharibəsi Qəhrəmanı, baş-leytenant Azad Hümbətovun bacısı, fəal gənc Fidan Hümbətova çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs olunub. Natiqlər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasında, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrilməsində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildiriblər.

Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə rayonun ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxs fəxri fərmanla təltif olunub, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.