Dünyaca tanınmış “Ookla” şirkətinin prezidenti, eyni zamanda baş icraçı direktoru Stefen Bay Azərbaycanda səfərdədir.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə “Ookla” təmsilçiləri arasında görüş keçirilib.
Görüş zamanı ölkədə rəqəmsal infrastrukturun inkişafı üzrə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Bildirilib ki, İKTA və “Ookla” şirkəti Azərbaycanın mövcud telekommunikasiya infrastrukturunun monitorinqi və təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq edir. Bu tərəfdaşlığın əsas məqsədi hər kəs üçün telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da artırmaqdır. Bu məqsədlə QoS (Xidmət keyfiyyəti) və QoE (Təcrübə keyfiyyəti) göstəriciləri üzrə məlumatların təqdim olunması və ölkə üzrə genişzolaqlı internetin əlçatanlığının artırılmasına dəstək təşəbbüsləri həyata keçirilir.
“Ookla” rəhbərliyi mobil rabitənin əhatə dairəsi və ya sabit genişzolaqlı şəbəkə infrastrukturu sahəsində təkmilləşdirmə imkanlarının müəyyən edilməsində, radiospektr analizində, müvafiq sahədə istehlakçı şikayətlərinin araşdırılmasında və digər məsələlərdə İKTA-ya yeni müasir həllərini təklif etməklə daha sıx əməkdaşlıq təklif edib.