İyulun 16-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı, professor Anar İsgəndərzadə, yerli idarə, müəssisə və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər.
Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası ilə bağlı videoçarxın nümayişindən sonra mövzu ətrafında çıxışlar başlayıb.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, tarixi yaddaşımızda dərin izlər qoymuş, böyük faciələrə şahid olmuş, amma ruhumuzda daim yaşayan Qərbi Azərbaycan yüz illər boyu Azərbaycan türklərinin yaşadığı, mədəniyyət yaratdığı, ocaqlar qurduğu bir coğrafiyanın adıdır: ”Zəngəzurdan Göyçəyə, Dərələyəzdən İrəvana qədər bu torpaqlar bizim ulu babalarımızın vətəni olub. Lakin XX əsrin siyasi hadisələri, zorakı deportasiyalar və etnik təmizləmələr nəticəsində bu ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı doğma yurdlarından qovulub”.
İcra başçısı 4 mərhələdə həyata keçirilən deportasiya və soyqırımı cinayətləri nəticəsində 800 mindən çox azərbaycanlının doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldığını və vəhşicə qətlə yetirildiyini ifadə edib. Onun sözlərinə görə, azərbaycanlıların doğma tarixi torpaqlarından qovulmasına sadəcə bir köç hadisəsi kimi baxmaq doğru olmaz. Bu, hüququ pozulmuş insanların faciəsi, beynəlxalq hüquq normalarına zidd olan etnik təmizləmə aktıdır.
İcra başçısı Azərbaycan dövlətinin Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırdığını və cənab Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların hüquqlarının bərpasını prioritet məsələ kimi irəli sürdüyünü vurğulayıb. Dövlət başçısının “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” fikrini xatırladan Taleh Qaraşov bunun dövlətimizin bu istiqamətdəki fəaliyyətini, əzmini və məqsədyönlü siyasətini ifadə etdiyini qeyd edib.
Daha sonra Milli Məclisin deputatı Anar İsgəndərzadə, LDU-nun tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov, Lənkəran rayonunun Bəlləbur kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əlisəfa Bünyatzadə, Qərbi Azərbaycan əsilli, Lənkəran seysmik stansiyasının müdiri Mehman Paşayev və Qərbi Azərbaycan əsilli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Səkinə Vəliyeva mövzu ilə bağlı çıxış ediblər.
Bildirilib ki, fundamental nəşr sayılan bir mənbənin ərsəyə gətirilməsi Azərbaycanda bu yöndə atılmış ilk addım kimi elmi-mədəni hadisədir. Nəşrdə qəbirstanlıqlara tamamilə yeni baxışın ortaya qoyulduğu, Ermənistanın öz tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlıların izini silmək üçün məhz qəbiristanlıqları məqsədyönlü şəkildə seçdiyi fikrinin əsaslandırıldığı vurğulanıb.
Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz doğma torpaqlarına dinc, hüquqi və beynəlxalq mexanizmlər çərçivəsində geri qayıdacağı, o torpaqlarda yenidən həyatın canlanacağı və bu qayıdışın yalnız fiziki yox, mənəvi və tarixi bir haqqımız olması fikri ifadə edilib.