İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqların yeni mərhələsi yalnız qarşı tərəf ədalətli nüvə razılaşmasına hazır olduqda mümkündür.

"Unikal" xəbər verir ki, bu barədə "Pars Today" xəbər yayıb. 

“Dünən axşam üç Avropa ölkəsinin (E3) xarici işlər nazirləri və Aİ-nin xarici işlər üzrə nümayəndəsi ilə videokonfrans keçirdim və aşağıdakı məqamları açıqladım. Məhz ABŞ 2015-ci ildə Aİ ilə iki illik koordinasiyalı səylərdən sonra əldə olunmuş razılaşmadan çıxdı - İran yox və bu ilin iyununda danışıqlar masasını tərk edən və onun yerinə hərbi variantı seçən ABŞ oldu - İran yox. Danışıqların istənilən yeni raundu o zaman mümkün olacaq ki, qarşı tərəf ədalətli, qarşılıqlı maraqlara əsaslanan balanslaşdırılmış razılaşmaya hazırdır. Əgər Avropa İttifaqı və üç Avropa ölkəsi konstruktiv rol oynamaq istəyirsə, onlar məsuliyyətlə hərəkət etməli və köhnəlmiş təhdid və təzyiq siyasətindən, o cümlədən mənəvi və hüquqi əsası olmayan “Snapback” mexanizmindən istifadə hədələrindən əl çəkməlidirlər”, - deyə Əraqçi bildirib.