Rusiya Federasiyasının Ali Məhkəməsi “beynəlxalq satanizm hərəkatı”nı ekstremist elan edib və fəaliyyətini qadağan edib.

"Unikal" xəbər verir ki, Rusiya Federasiyası Baş Prokurorluğunun satanizmin qadağan edilməsi ilə bağlı iddiasına iki gün qapalı iclasda və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılıb. Qərar artıq qüvvəyə minib. Bir ay ərzində rəsmi olaraq qərara etiraz edilə bilər.

"Hərəkatın davamçıları satanizmin ümumi prinsiplərinə riayət edir, vahid simvol və atributlardan istifadə edir, okkultual ayinlər yerinə yetirirlər. Konseptual əsası ekstremist materiallar kimi tanınan nəşrlər təşkil edir. Hərəkat radikal millətçilik və neonasizmin təzahürləri ilə sıx bağlıdır", - Rusiya məhkəməsinin qərarında deyilir.

Bundan əvvəl Rusiya artıq “Şeytan məbədi”ni arzuolunmaz təşkilat kimi tanımışdı. Rusiya hakimiyyətinin “Şeytan məbədi”nə qarşı irəli sürdüyü ittihamlardan biri də qrup üzvlərinin Ukraynaya dəstək üçün pul toplaması olub.

Hazırda "Şeytan kilsəsi", "Şet məbədi", Lüsiferlilər və s. birliklərin fəaliyyətinin də qadağan ediləcəyi gözlənilir. Rusiya bazarlarında və kitab mağazalarında da satanist sayılan simvolları olan məhsullar satışdan çıxarılacaq.

Nuranə Abbasova