"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 29 iyul - 4 avqust tarixlərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi təşkil olunub.
"Unikal" xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən düşərgədə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan soydaşlarımızın övladları da iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılıb, eyni zamanda Moldovanın tarixi və turistik məkanlarını ziyarət ediblər. Düşərgə çərçivəsində Azərbaycan Respublikasının Moldovadakı səfirliyi, Moldova Tarix Muzeyi və Parlamentə ekskursiyalar təşkil olunub.
Qeyd edək ki, “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində ötən ilin 20-27 dekabr tarixlərində Azərbaycanda V Qış Düşərgəsi təşkil olunub. Bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları iştirak ediblər. Həmin düşərgənin iştirakçıları bu dəfə Moldovada keçirilən yay düşərgəsində bir araya gəliblər.