İranın Azərbaycanla münasibətlərində üç variant var.

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

"Birincisi odur ki, biz Azərbaycanla vuruşmaq istəyirik və ya Azərbaycanı bizimlə vuruşmağa təhrik edirik!

İkincisi odur ki, biz Azərbaycanla problemimizi həll etmədən hər iki ölkəni “müharibə yox, sülh” vəziyyətində saxlamaq istəyirik.

Üçüncüsü odur ki, biz fikir ayrılıqlarımıza baxmayaraq qonşu olmaq və  birlikdə işləmək istəyirik.

Birinci variant qətiyyən ölkənin maraqlarına uyğun deyil. Təəssüf ki, səslənən ittihamlar ölkəni birinci varianta doğru sövq edir. Kimsə deyir ki, Azərbaycan müharibədə İsrailə kömək edib, demək, Azərbaycan bizim düşmənimizdir. Azərbaycan bizim düşmənimizdir deyəndə, bu o deməkdir ki, onunla mübarizə aparmalıyıq. Ölkə ziyalılarının belə bir niyyəti olduğunu düşünmürəm.

İkinci varianta əməl edənlər əslində inanırlar ki, biz Azərbaycanla düşmənik, amma müharibəyə girməyəcəyik. Bu variant da bizim maraqlarımıza qətiyyən uyğun gəlmir. Müharibə təkcə hərbi əməliyyat deyil. Beynəlxalq forumlarda sizin əleyhinizə səs verirlər, müəyyən mövqe tuturlar. Bu, iqtisadiyyata zərər verə bilər...

Üçüncü variantda isə fikir ayrılıqlarına və bəzən toqquşan maraqlara baxmayaraq, biz əməkdaşlıq edə biləcəyimiz və bir-birimizə fayda verə biləcəyimiz ümumi məsələlər tapa bilərik.

İqtisadiyyat, ticarət və hətta təhlükəsizlik məsələlərində biz bir-birimizə kömək edə, fikir ayrılıqlarını mümkün qədər həll edə və ya minimuma endirməyə çalışa bilərik”, - Yusef Pezeşkian qeyd edib.