Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Mürsəqulu kənd sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Xol Qaraqaşlı kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Mürsəqulu kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Beynəlxalq iqtisadi layihələrin reallaşmasında Azərbaycanın rolu” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan son illərdə beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində mühüm rol oynayıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və sabit iqtisadi-siyasi mühiti regionda strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Xüsusilə enerji, nəqliyyat və logistika sahələrində reallaşan layihələr — TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın qlobal iqtisadi inteqrasiyada önəmli iştirakçı olduğunu nümayiş etdirir. Bu layihələr həm regionun, həm də Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verməklə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına da şərait yaratması haqqında iştirakçılara geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı mürəkkəb iqtisadi və siyasi çətinliklərə baxmayaraq, qısa müddət ərzində özünün sabit, dayanıqlı və şəffaf iqtisadi inkişaf yolunu müəyyənləşdirdi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrə uyğun şəkildə inkişaf etdirilərək Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin güclənməsinə səbəb olub. Bu gün Azərbaycan bir sıra qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, icraçısı və iştirakçısıdır. TANAP (Trans-Anadolu Təbii Qaz Boru Kəməri), TAP (Trans-Adriatik Boru Kəməri), Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi layihələr regionun enerji, nəqliyyat xəritəsini köklü şəkildə dəyişib. Bu layihələr vasitəsilə Azərbaycan həm enerji daşıyıcılarının ixracında mühüm tranzit ölkəsinə, həm də Avropa və Asiyanı birləşdirən iqtisadi körpüyə çevrilib. 

Azərbaycanın bu cür genişmiqyaslı layihələrdə oynadığı rol bir neçə mühüm faktora əsaslanır. Birincisi, ölkəmizdə mövcud olan siyasi sabitlik və güclü idarəetmə sistemi beynəlxalq investorlar üçün əlverişli və təhlükəsiz mühit təmin edir. İkincisi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regional inkişaf proqramları ölkənin davamlı iqtisadi artımına zəmin yaradır. Üçüncüsü, Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmətə, əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan prinsiplərlə həyata keçirilir ki, bu da dövlətimizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasını təmin edir. Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə rolu getdikcə artır və bu proses qarşıdakı illərdə də davam edəcəkdir. Bu, yalnız ölkəmizin milli maraqlarının təmin olunması baxımından deyil, bütövlükdə regionun iqtisadi sabitliyi və davamlı inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bizi daha böyük uğurlara aparacaq, ölkəmizin dünya iqtisadi sistemindəki mövqeyini daha da gücləndirəcəkdir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, kənddaxili yolun təmiri, övladının müalicəsinə, evinin sənədləşməsinə köməklik olunması, suvarma suyunda yaranan çətinliklər və növbəlilik qaydasına riayət etmək, elektrik ayrıclarının quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.