Yunanıstan və İspaniyada baş verən böyük meşə yanğınları səbəbindən minlərlə sakin və turist təxliyə edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Egey dənizində Yunanıstanın Saqqız adasının ucqar hissəsində meşə yanğını davam edir. Artıq sahil mühafizə gəmiləri insanları çimərliklərdən təxliyə edib.

Bundan başqa, Peloponnesin qərbində Patras və Xirochori şəhərləri yaxınlığında yanğınların söndürülməsinə mütəxəssislər cəlb olunub.

Afina və ətraf Attika bölgəsi də daxil olmaqla Yunanıstanın böyük hissəsinin də təhlükəli meşə yanğınları ilə üzləşəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, İspaniyada temperaturun +42 dərəcəyə yüksələcəyi gözlənilir. Yanğınlar səbəbindən ondan çox yol bağlanıb, Madrid-Qalisiya marşrutu üzrə sürətli qatarların hərəkəti dayandırılıb.