Gürcüstan polisi əvvəllər məhkum olunmuş 21 yaşlı Gürcüstan vətəndaşını həmkəndlisini qəsdən öldürməkdə ittiham edərək saxlayıb.

"Unikal" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə avqustun 13-də etnik azərbaycanlıların kompakt yaşadığı Saqareco bələdiyyəsinin İormuqanlo kəndində baş verib. İstintaqın məlumatına görə, münaqişə zəminində təqsirləndirilən şəxs 26 yaşlı kişini döş qəfəsindən bıçaqlayıb və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hücum edən şəxs hadisə yerindən qaçsa da, tezliklə polis tərəfindən saxlanılıb. Cinayəti törətmək üçün istifadə edilən silah, bıçaq maddi sübut kimi götürülüb.

Gənclər arasında dava dini ziyafət zamanı - süfrə üzərində spirtli içki üstündə yaranıb. Qətlə yetirilən şəxsin yaxınları təqsirləndirilən şəxsin şəriklərinin olduğunu güman edir. Onların sözlərinə görə, xəstəxanada onlara bildiriblər ki, kişi iki müxtəlif bıçaqla bıçaqlanıb.

İstintaq davam edir. Qəsdən adam öldürmə maddəsi ilə tutulan şəxsi 10 ildən 15 ilə qədər həbs gözləyir. Ağırlaşdırıcı hallar aşkar edilərsə, ittihamlar sərtləşdirilə bilər.