Solçu "İtaət etməyən Fransa" partiyası hazırkı hökumətə etimad səsverməsindən bir gün sonra Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsünü parlamentə təqdim etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.

"Sentyabrın 8-də biz Fransa baş naziri Fransua Bayrunu istefaya məcbur edəcəyik. Sentyabrın 9-da biz respublika prezidentinin Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini irəli sürəcəyik", - məlumatda deyilir.

Panonun sözlərinə görə, solçu partiya 2024-cü ildə keçirilən parlament seçkilərində qalib gəldikdən sonra hazırkı prezident onların namizədini baş nazir təyin etməkdən imtina edib.

Xatırladaq ki, kabinetə etimad səsverməsi sentyabrın 8-nə təyin edilib.