Udan və uduzan namizədlər
11:18 26-09-2013
İQTİSADİYYAT
Udan və uduzan namizədlər
Teledebatlardan çıxan nəticələr
Seçkilərə artıq sayılı günlər qalıb və ödənişsiz teledebatlardan dördünün şahidi olduq. Maraqlıdır,hazırda proseslər hansı şəkildə gedir və tərəflərin üstünlüyü nə yerdədir?
Zahid Oruc
hərəkətə keçdi
Teledebatlarda artıq aktivləşməyə başlayan namizədlərdən biri Zahid Orucdur. Müstəqil şəkildə namizədliyini verən Zahid Oruc ilk 3 debatda fərqlənə bilməmişdi və ütülü çıxışları ilə yadda qalmamışdı. Amma sonuncu debatda o, daha konkret danışmağa başladı və demək olar ki, müxaliəf namizədlərinə ən layiqli cavab Zahid Oruc tərəfindən verildi. Zahid Orucun sonuncu debatdakı çıxışında həm də bir başa cəmiyyətə bir çağırış var idi və bu çağırış kifayət qədər səmimi qəbul oluna bilərdi.
İqbal Ağazadə aktivliyi
Teledebatlarda diqqəti cəlb edən başqa bir namizəd isə İqbal Ağazadədir. Qaldırdığı məsələlər kifayət qədər aktual və maraqlı olsada, çıxışlarındakı sünilik və quruluq səbəbindən cəmiyyətdə qəbul olunmur. Bundan başqa dialoqlara girişməməsi, çıxış edən kimi zalı tərk etməsidə normal qəbul edilmir. Amma bunu da qeyd edək ki, İqbal Ağazadə seçkilər yaxınlaşdıqca radikallığını daha da artırır. Bu debatlardan aydın olur ki, çıxışlara ciddi hazırlıq görən İqbal Ağazadənin xarizma problemi var və bu səbəbdən onun seçkilərdə ciddi nailiyyət əldə etməsi mümkünsüz görünür.
Fərəc Quliyev boşluğu
Son dörd teledebatda ən zəif bənd məhz Fərəc Quliyev oldu. Demək olar ki, qaldırdığı problemlər problemdən çox hansısa orta məktəb şagirdinin yazdığı inşaya bənzəyir. Nitqindən tutmuş, yanaşma tərzinə qədər ciddi qüsurlarla müşahidə olunan Fərəc Quliyevin nəyə görə namizəd olmasını anlamaq mümkün deyil. Bundan başqa Fərəc Quliyevin tutduğu mövqeni təhlil edəndə məlum olur ki, o, maksimum dərəcədə çalışır ki, nə iqtidar, nə də müxalifət düşərgəsində təmsil olunan fiqur kimi görünməsin. Amma tutduğu mövqeyə görə cəmiyyətdə belə bir ovqat var ki, o məqsədli şəkildə prezidentliyə namizəd olub və məqsədi müxalifətin səslərini parçalamaqdır. Bunu isə deyəsən Fərəc Quliyev bacarmayacaq.
İlyas İsmayılov
uğursuzluğu
Prezidentliyə namizədlər sırasında ən yanlış yol tutan namizəd isə İlyas İsmayılov oldu. İlk növbədə ona görə ki, debatlara özü qatılmadı. Halbu ki, kifayət qədər ciddi siması və xarakteri olan bir şəxsdir və özünün efirdə olması daha müsbət effekt verərdi. Amma İlyas İsmayılovu hər debatda bir nümayəndəsi təmsil edir. Bu nümayəndələr isə kifayət qədər hazırlıqsız və proseslərə təsir etmə qabiliyyətində deyillər. Sonuncu nümayəndəsi isə çıxışını kağızdan oxuması tamamı ilə biabırçılıq oldu. Hesab etmək olar ki, İlyas İsmayılovun prezident seçkilərində iştirakı ümumiyyətlə görünmür.
Hafiz Hacıyev
təkrarçılığı
Prezidentliyə namizədlərdən biri olan Hafiz Hacıyevdə bu seçkilərdə lazımi ümidləri doğrultmadı. Cəmiyyətə məlumdur ki, Hafiz Hacıyev adətən seçkilərdə hakimiyyətə dəstək verir və əsas hədəfi müxalifət olur. Amma bu dəfə müxalifətə qarşı etdiyi çıxışlar tam əks effekt verir və bəzi hallarda hakimiyyətin özünü çıxılmaz duiruma salır. Məhz Hafiz Hacıyevin açıqlamalarından sonra müxalifət nümayəndəsi daha da aqressivləşdi. Müşhidələr açıq şəkildə göstərir ki, artıq Hafiz Hacıyevin yanaşması informasiya bolluğunda özünü doğrultmur və yeni metodlardan yararlanmaq daha məqsədəuyğun olardı.
Qüdrət Həsənquliyev
sərtliyi
Prezidentliyə namizədlər sırasında diqqət mərkəzində olanlardan biri də Qüdrət Həsənquliyevdir. İlk iki debatda diqqət mərkəzinə çıxa bilməyən Qüdrət Həsənquliyev son debatlarda artıq öz yerini tutub. Əsas hədəfi müxalifətdir və demək olar ki, məqsədinə nail ola bilir. Qüdrət Həsənquliyevdə diqqəti cəlb edən nüanslardan biri də budur ki, cəmiyyətlə bir başça təmas qura bilir. Verdiyi açıqlamalar normal qəbul edilir. Amma Qüdrət Həsənquliyevdə problem budur ki, hakimiyyətə yönəli sərt açıqlamalar verə bilmir. Buda bəzi hallarda onun bir tərəf kimi görünməsinə səbəb olur.
Araz Əlizadə triumfu
Bu seçkilərdə demək olar ki, ciddi dəstək alan namizəd Araz Əlizadə oldu. Çıxışları kifayət qədər konkret və aydındır. Qeyd edək ki, müxalifətə qarşı ən sərt çıxışlar edən odur və onun dedikləri digər namizədlərin dediklərindən fərqli olaraq cəmiyyət tərəfindən normal qəbul edilir. Elə son debatda da arqumentli çıxışı ilə müxalifətə ağır zərbəsini vurdu. Verdiyi açıqlamalardan aydın oldu ki, gələn debatlarda bu radikallıq daha da artacaq. Hesab etmək olar ki, Araz Əlizadə bu seçkilərdə ən azından ikincilyə sahiblənə bilər.
Cəmil Həsənli təzadları
Prezidentliyə Milli Şuradan namizədliyini vermiş Cəmil Həsənli ilə bağlı da müəyyən fikirlər söyləmək olar. Belə ki, iki debatda Cəmil Həsənli kifayət qədər aktivlik göstərdi və digər namizədlərdən fərqlənə bildi. Amma son iki debatda bu şansı Cəmil Həsənli əldən buraxdı. Öncələr ona ciddi bir ziyalı kimi yanaşılırdısa,indi dəcəl insan obrazına düşüb. Bundan başqa son iki debatda Cəmil Həsənli fərqli bir şey ortaya çıxara bilmir və təkrarçılıq davam edir. Bu isə sözsüz ki, ona olan marağı zəiflədir. İndi isə gəlin siyasi partiyaların seçkilərə təsirlərinə baxaq.
Milli Şura taktikası
Müxalifətin bir qismi Milli Şurada cəmləşdi və vahid namizədlə seşkilərə qatıldılar. Amma aydın oldu ki, bu heç də səmimi birlik deyil və ortada ciddi çatlar var. Elə sonuncu dəfə ACP sədri Rəsul Quliyevin müxalifətin mitinqini ələ salması, liderlərə "tula"-deməsi kifayət qədər ciddi məsələ idi. Bundan başqa aydın oldu ki, AXCP və Müsavat cütlüyü ALP,"El" hərəkatını, KAXCP-ni və ACP-ni oyundan kənar vəziyyətə salıb. Bu isə artıq real çatdır. Milli Şuranın seçkilərdə ən ciddi uğursuzluqlarından biri də keçirtdikləri son mitinq oldu. Mitinqdə yenə eyni adamların çıxışları, eyni adamların eyni şüarlar səsləndirmələri sübut etdi ki, yeni heç nə yoxdur. Ən gülməlisi isə bu oldu ki, aksiyada çıxış edənlər sanki daha çox təhqir etmək haqqında düşünür, yarışa girirdilər. Bundan başqa aydın oldu ki, Milli Şura yenə də cəmiyyətdən kənarda qaldı və heç bir halda ətraf mühitə təsir edə bilmir.
YAP susqunluğu
Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının kifayət qədər aktivlik göstərəcəyi gözlənilirdi. Amma bu tam əksinə oldu. Geniş kampaniyalar hələ də keçirilmir və hesab edilir ki, əslindəYAP bunu seçki taktikasının tərkib hissəsi olaraq edir. Yəni özünə lazım olan həddə aktivlik yaratmaqla hadisələri nəzarətində saxlamağa çalışır. Buna baxmayaraq hesab etmək olar ki, yaxın vaxtlarda YAP-da mitinq variantından yararlanacaq. İndi isə gəlin prezidentliyə əsas namizəd İlham Əliyevin durumuna diqqət yetirək.
Alternativsizlik gücü
İlham Əliyev hələ ki, seçkilərlə bağlı heç bir açıqlama verməyib və teledebatlarda iştirak etmir. Əslində bunun özü ciddi bir taktiki gedişdir və bununla bir daha nümayiş etdirilir ki, o alternativsizdir və seçkilərə qatılan namizədlər ona qalib gəlmək gücündə deyil. Çox maraqlıdır ki, cəmiyyətin də böyük əksəriyyəti bu düşüncədədir və teledebatlara baxanda hansı namizədə səs vermək haqqında yox, namizədlərin bir-birini necə təhqir etməsinə diqqət ayrırlar. Buna görə hesab etmək olar ki, ölkə daxilində İlham Əliyevin yetərli qədər gücü var və seçkilərdə indidən 60 faizdən çox səs toplamasına şübhə yeri yoxdur. Bundan başqa xarici dövlətlərin və beynəlxalq təşkilatların İlham Əliyevə münasibəti də maraqlıdır. Rusiya prezidenti Azərbaycana gəldi və bununla da aydın oldu ki, Rusiya Milli Şura projesindən imtina edib. Qərb və ABŞ-in yanaşmasına baxanda isə açıq şəkildə görünür ki, bunlarda hesab edir ki, İlham Əliyervsiz Azərbaycan mümkün deyil və Milli Şura alternativ olmaq gücündə deyil. Buna baxmayaraq çox böyük ehtimal ki, erməni lobbisinin təsirində olan müəyyən güclər seçkidən sonra gərginlik yaratmağa çalışacaqlar. Ən azından Azərbaycan əleyhinə hansısa qətnamələri qəbul etdirməklə. Çünki erməni lobbisi yaxşı bilir ki, prezident seçkilərindən sonra Azərbaycan hakimiyyəti üçün bir nömrəli məsələ yenə Dağlıq Qarabağ problemi olacaq və bu Ermənistanın tam çöküşü olacaq. Çünki azərbaycan bir tərəfdən müharibə hazırlıqları üçün ordu quruculuğunu davam etdirir. Digər tərəfədn isəErmənistanı faktiki iqtisadi müharibəyə cəlb ediblər. Bu isə Ermənistan iqtisadiyyatının tam çöküşü və Dağlıq Qarabağın bir güllə belə atılmadan işğaldan azad olunacağını görəcəyik. Erməni lobbisi bunu çox gözəl başa düşür və buna görə çalışacaqlar ki, maksimim dərəcədə seçkilərin nəticələri ilə bağlı mənfi rəy yaratsınlar. Amma hazırda Azərbaycan hakimiyyətinin namizədlərlə bağlı eyni şərait yaratması və seçkilərin demokratik keçiriləcəyi ilə bağlı verilən bəyanatlar göstərir ki, bu məqam nəzərə alınıb və seçkilər şəfaf keçiriləcək. Bu isə erməni lobbisinin tam çöküşü olacaq.
Nəticə
Beləliklə aydın olur ki, Azərbaycanda seçkilər kifayət qədər normal və sakit şəraitdə keçir. Və namizədlərin manevrlərindən, debatlardakı çıxışlarından, keçirilən sorğulardan məlum olur ki, prezidentliyə 10 namizəd olsada İlham Əliyev seçkilərdə alternativsizdir və qələbəsi indidən təmin olunub. Bundan başqa aydın oldu ki, ötən seçkilərlə bu seçki arasında tək bir fərq var ki, hazırda müxalifət daha da zəifləyib və cəmiyyətdən özlərini tam olaraq izalə ediblər. Müxalifətin ən böyük məğlubiyyəti də məhz bununla bağlıdır.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28