Oqtay Şirəliyevin nazirliyini susduran rəqəm
10:50 07-11-2013
CƏMİYYƏT
Oqtay Şirəliyevin nazirliyini susduran rəqəm
Şok: Hər il 800 min azərbaycanlı İrana müalicəyə gedir!
Son illər Azərbaycan səhiyyəsinə inamsızlıq və ya qiymətlərin baha olması səbəbindən vətəndaşlarımızın xarici dövlətlərə üz tutması adi hala çevrilib. Ancaq ortada konkret statistika yoxdur: ildə nə qədər vətəndaşımız müalicə üçün xaricə üz tutur?
axar.az saytı Azərbaycan vətəndaşlarının əsasən İran İslam Respublikasına üz tutduğunu nəzərə alıb, əvvəlcə, bu statistikanı dəqiqləşdirməyə çalışıb. İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi qeyd edib ki, il ərzində Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir: “Onlardan nə qədərinin məhz müalicə məqsədi ilə getdiyini dəqiq deyə bilmərik”, - deyə M.Ayəttullahi bildirdi. Səfirlik sözçüsü onu da qeyd edib ki, ötən il müvəqqəti olaraq viza tətbiqi zamanı səfirliyə müraciətlərin 80 faizi İrana müalicə almaq məqsədi ilə getdiklərini qeyd etmişdilər.
Bu isə təxmini bir rəqəm müəyyənləşdirmək üçün kifayət edir. Deməli, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün 800 min adamın getdiyini ehtimal etmək olar.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşı da dəqiq rəqəm söyləyə bilməyəcəyini deyib: “Dövlət yolu ilə müalicəyə gedənlərin statistikasını Azərbaycanın Səhiyyə Nazirliyi aparır. Amma bu rəqəm heç də Türkiyəyə üz tutan xəstələrin tam sayı deyil. Türkiyəyə öz təşəbbüsləri ilə gedən, yaxud turist kimi üz tutan vətəndaşlarınız da var ki, imkan tapıb öz müalicələri üçün Türkiyə xəstəxanalarına baş çəkirlər”.
Mövzu ilə bağlı sayt əməkdaşı Səhiyyə Nazirliyinin münasibətini öyrənmək istəsə də, Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini iki iş günündə kabinetində tapmaq mümkün olmayıb. Xidmətin əməkdaşı isə həm xaricə üz tutanların, həm də son bir ildə Azərbaycanın səhiyyə ocaqlarında uğursuz əməliyyatlar nəticəsində həyatını itirənlərin statistikasını verməyə çətinlik çəkdiyini deyib: “Nazirliyin statistika idarəsinə müraciət edin”. Statistika İdarəsinin özünü “Mehdi müəllim” kimi təqdim edən əməkdaşı isə sorğuya cavab vermək istəmədiyini bildirib: “Mən nəyə görə sizin sualınıza cavab verməliyəm?”
Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır. Hər kəs özlüyündə ölkə səhiyyəsinin gerçək durumu ilə bağlı qənaət formalaşdıra bilər. Hər nə qədər Səhiyyə Nazirliyi bu məsələlərdə susmağı üstün tutsa da, reallıq və yazının əvvəlindəki rəqəm hər şeyi bütün çılpaqlığı ilə göstərir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13