Diz çökən Ermənistan
Diz çökən Ermənistan

Bu ölkənin taleyi Rusiya və Azərbaycandan aslıdır

Ermənistanda nə isə baş verir. Əslində bunun nə olduğunu heç özləri də sonuna qədər bilmir. Çünki istər ölkə daxilində, istərsə də kənarında aparılan siyasət tam iflasa uğramaqdadır. Çünki illər boyu qərbyönümlü siyasət aparacaqlarını bəyan edib, bu istiqamətdə real addımlar atan Ermənistan, hətta xristian dövləti olması səbəbindən Azərbaycandan öncə bir sıra beynəlxalq qurumlara üzv olmaq üzrə idi. Məhz buna görə də Ermənistanda demokratiyaya dəstək adı ilə müxtəlif əvəzsiz kreditlər və yardımlar edilirdi. Nəticədə Ermənistan qərbin demək olar ki, qapısı ağzında idi və...

Qərbə ilk zərbə

Və aydın oldu ki, illərlə aparılan siyasətin üzərindən xətt çəkildi və 180 dərəcə bucaq altında şimala meyillənmə oldu. Nəticədə Ermənistan Gömürük İtifaqına üzv oldu. Bu isə Avropaya açıq savaş açmaqdan başqa bir şey deyil. Nəticədə Ermənistan bu seçiminə görə qərbin bir sıra ciddi güzəştlərindən məhrum olacaq.Ən azından müxtəlif yollarla kredit və ya yardım şəkilində hər il Ermənistana təxminən 300 milyon dollara qədər pul gəlirdi. İndi isə bu pulların yarıdan çox hissəsi kəsiləcək. Həmçinin ABŞ-in da Ermənistana münasibəti dəyişəcək və ənənəvi yardımlar bir neçə dəfə aşağı salınacaq. Qeyd edək ki, artıq Avropa Birliyi bununla bağlı xəbərdarlığını edib. Artıq bu reallığı Ermənistanda da başa düşməkdədirlər. Belə ki, "İrs" partiyasının parlament fraksiyasının rəhbəri bununla bağlı həyacan siqnalı səsləndirib. "Ermənistan Gömrük İttifaqına üzv olmaq qərarı verdikdən sonra Avropa Birliyinin donor konfransını İrəvanda keçirmək imkanını əldən qaçırıb".Bu barədə Ermənistanın "İrs" partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postandjyan parlamentdə 2014-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib.Zarui Postandjyan 2014-cü ilin dövlət büdcəsini "dilənçi büdcəsi" adlandıraraq qeyd edib ki, o Ermənistan əhalisinin layiqli yaşayışa olan son ümidlərini qırır."Planlaşdırılan iqtisadi göstəricilərin heç biri icra olunmur. Hökumət bu cür məsələləri heç fikrinə belə gətirmir. Əgər siz bunu gələcəkdə də etmək niyyətində deyilsinizsə, onda biz sizi əvəz edib, bunu sizin əvəzinizə edərik", deyə Zarui Postandjyan vurğulayıb və müzakirəyə çıxarılan büdcə layihəsinin əleyhinə səs verəcəyini qeyd edib. Bu arada məlum olub ki, Gömrük İttifaqına qoşulmaqla Ermənistan gömrük rüsumlarından üç qat itirəcək.Bu barədə Levon Ter-Petrosyanın prezidentliyi dövründə baş nazir olmuş, deputat Hrant Baqratyan bəyanat verib. "Əgər Ermənistan Gömrük İttifaqına qoşulmağa qərar veribsə, o Avropadakından 3 qat artıq idxal gömrük rüsumu tətbiq etməli olacaq", deyə Baqratyan qeyd edib. Belə ki, Dünya Bankının məlumatına görə, 2011-ci ildə Rusiyada xammala tətbiq edilən idxal gömrük rüsumu orta hesabla 6,97 faiz təşkil etdiyi halda, Avropa Birliyi ölkələrində bu göstərici cəmi 1,24 faiz olub. Ermənistanda 2008-ci ildə (sonrakı illərin göstəriciləri məlum deyil) bu göstərici 3,48 faiz təşkil edib. Beləliklə, Ermənistan Gömrük İttifaqına qoşulmaqla idxal mallarına tətbiq ediləcək tariflər, yəni əmtəə qiymətləri xeyli yüksələcək. Avropa Birliyi ilə vahid ticarət məkanına qoşulacağı təqdirdə isə bu baş verməyəcəkdi. "Gömrük rüsumlarının dərəcələrinin dəyişəcəyini nəzərə almaqla, Ermənistanda gəlirlərdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verəcək. Gözlənilən dəyişikliklər təqdim olunmuş büdcə layihəsində yer almayıb. Bu baxımdan, büdcə hesablanarkən ölkənin Gömrük İttifaqına qoşulmasının nəzərə alınması daha məqsədəuyğun olardı", deyə Baqratyan vurğulayıb.

Ermənistanın
sərhədd dərdi

Bu arada başqa gülməli bir məqama toxunaq. Ermənistan Gömürük İttifaqına qoşulur. Amma gülməlisi odur ki, Ermənistan Azərbaycan,Gürcüstan, İran və Türkiyə ilə sərhəddədir və gömürük məsələsində məhz bu dövlətlərlə ortaq məxrəcə gəlməlidir. Bu dövlətlərin isə heç biri Gömürük İttifaqının üzvü deyil və Türkiyə ilə Azərbaycanla sərhədlər bağlıdır. Maraqlıdır, onda Ermənistanın Gömürük İttifaqına qoşulması iqtisadi baxımdan hansı imkanlar yaradacaq? Sözsüz ki, heç bir imkandan söhbət gedə bilməz və bu qərara sadəcə siyasi qərar kimi yanaşmaq lazımdır. Daha doğrusu Rusiya Ermənistan vasitəsi ilə qərbə sübut etdi ki, Qafqaz iddiasından əl çəkmək niyyətində deyil.
İqtisadi çöküş

Ekspertlər hesab edir ki, qərbə yanaşmadakı bu qüsur Ermənistan iqtisadiyyatını bir azda çökdürəcək. Çünki Ermənistanın Gömürük İttifaqına qoşulması dünya erməni lobbisini də iki yerə parçaladı. Qərb erməni lobbisi Rusiyaya yaxınlaşmağı normal dəyərləndirsədə kifayət qədər gücə sahib olan ABŞ erməni lobbisi bu addımı qəbul etmək niyyətində deyil. Bunu da qeyd edək ki, bu günə qədər Ermənistan iqtisadiyyatını pis-yaxşı saxlayan məhz ABŞ erməni lobbisi olub. Təxmini hesablamalara görə Ermənistan büdcəsinin üçdə biri məhz bu lobbinin yığdığı pullarla formalaşıb. İndi isə erməni lobbisi bundan imtina edə bilər. Həmçinin erməni lobbisinin ünlü simaları bəyan ediblər ki, yığılan pullar erməni xalqına çatmır və Ermənistan rəhbərliyi bu pulları korrupsiya maraqlarına sərf edir. Bu səbəbə görə də Ermənistana pul axını kifayət qədər zəifləyib.

Dağlıq Qarabağ oyunu

Ermənistanda durumu gərginləşdirən səbəblərdən biri də Ermənistanda Dağlıq Qarabağdan yenə kart kimi istifadə etməkdir. Durumu o qədər də yaxşı olmayan Ermənistan höküməti, müxalifət tərəfindən küncə sıxışdırılmaqdadır. Belə ki, müxalifət kütlənin nəbzini tutaraq belə bir ideya ilə çıxış ediblər ki, Ermənistan hakimiyyətinin Qarabağı geri qaytarması təhlükəsi var və buna görə parlament Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Bu səbəbdən Ermənistan parlamenti bu məsələni müzakirəyə çıxartdı və hakim partiya bunun qarşısını yalnız parlamentdə ki, üzvlərinin səs verməməsi ilə aldı. Bu isə erməni cəmiyyətində hakimiyyətin mövqeyini bir azda zəiflətdi.

Sosial bəlalar

Ermənistanda yaşanan ən ağır problemlərdən biri də budur ki, ölkədə siyasi gərginliklə sosial problemlər artıq bir vəhdət təşkil edir və sosial problemlər artdıqca avtomatik siyasi səhnədə bunun əks-sədası eşidilir. Ekspertlər düşünür ki, öncə əhali sosial problemlərə görə ölkəni tərk edirdilərsə, indi artıq müqavimət göstərməyə üstünlük verirlər. Bu isə o deməkdir ki, Ermənistanda istənilən an vətəndaş qarşıdurması yarana bilər. Hakimiyyətdə məhz bundan narahatdır və buna görə çıxış yolları axtarılmaqdadır.

Regionçuluq dərdi

Ermənistanda bu gün ciddi bəlaya çevrilən məsələlərdən biri də yerli və gəlmə ermənilər arasında gərginliyin artmasıdır. Belə ki, yerli ermənilər, artıq Dağlıq Qarabağdan gələn erməniləri qəbul etmək istəmirlər və son prezident seçkilərindən sonra bu münaqişə daha da dərinləşdi. Çünki bu gün Ermənistanda siyasət və iqtisadi rıçaqlar Dağlıq Qarabağ ermənilərinin əlindədir və yerli ermənilər bunu həzm etmək istəmirlər. Bu məsələdə keçmiş prezident Ter-Petrosiyanda sərt xətt tutanlardandır və dəfələrlə bəyan edib ki,Dağlıq Qarabağ erməniləri Ermənistanı işğaldan azad etməlidirlər. Ekspertlər bildirir ki, bu gün yerli ermənilər çətin durumda yaşamalarının günahkarı kimi məhz Dağlıq Qarabağ ermənilərini görürlər.
Son şansın
əldən çıxması

Ermənistan üçün faciəli başqa bir məqam isə İran tərəfindən gəlməyə başlayıb. Demək olar ki, bu gün Ermənistanın iqtisadi imkanlarını az-çox artıran dövlət məhz İrandır. Demək olar ki, Ermənistanın ərzaqla təminatı məhz İranla bağlıdır. Amma son zamanlar İrana tətbiq edilən sanksiyalar Ermənistana da təsirsiz ötüşmür və artıq İran tərəfi ölkə əhalisinin tələbatını təmin etmək üçün Ermənistanla ticari əlaqələri nisbətən zəiflədib. Əgər İran bu şəkildə davam edərsə onda prezident İlham Əliyevin həyata keçirtdiyi strateji proqram icra olunacaq. Belə ki, İlham Əliyev bir il öncə bəyan etmişdi ki, Ermənistanı blokada da saxlamaqla onun iqtisadi çöküşünə nail olacaq və bununla da Dağlıq Qarabağ problemini bir güllə belə atmadan Azərbaycanın xeyrinə həll etmək mümkün olacaq. Bu gün isə deyilənlər öz təsdiqini tapır. İran bu prosesdə kənara çəkilərsə Rusiya tək başına Ermənistanın tələbatını qarşılaya bilməyəcək. Belə olan halda həm də Ermənistan Türkiyə ilə münasibətlərin qaydaya düşməsi və sərhədlərin açılması üçün masa arxasında əyləşəcək. Bu gün Türkiyənin Ermənistana tək şərti isə budur ki, işğal olunmuş ərazilər geri qaytarılsın. Ekspertlərdə hesab edir ki, Ermənistan 7 rayonun azad olunmasına razılıq verərsə Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Beləliklə aydın olur ki, bu gün Ermənistan nə qədər Rusiyanın təsir dairəsindədirsə, bir ölkə kimi xilası da bir o qədər Azərbaycanın əlindədir. Bunu da sonda qeyd edək ki, Ermənistanda siyasi partlayışın yaxında olduğu və qısa zaman ərzində müxalifətin hakimiyyəti güzəştlərə məcbur edəcəyi proqnozlaşdırılır. Özüdə bu elə bir ərəfədə baş verir ki, Ermənistanla Azərbaycan prezidentlərinin görüşləri olacaq və mühüm addımın atılacağı proqnozlaşdırılır. Ən azından 7 rayonun Azərbaycana qaytarılması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflə çıxış edəcəyi gözlənilir.
Mehdi Əli