Ermənistan - satılmış arzular və tapdanmış müstəqillik məkanı
11:52 21-11-2013
İQTİSADİYYAT
Ermənistan - satılmış arzular və tapdanmış müstəqillik məkanı
Hakimiyyət dairələri dövlət suverenliyini məişət problemlərinin təminatı vasitəsilə, həyasız yalan predmetinə çeviriblər
Onların vəziyyəti, gerçəkdən də, ağırdır. Etiraf etməkdə çətinlik çəksələr də, söyləməsələr də, yaşamlarının günbəgün çətinləşmələri, vəziyyətlərinin müşkül olmaları göz qarşısındadır. Onlar problemlərini həll etməyə çalışsalar da, yalnış düşüncə və anlam sahibləri olduqlarından bələlardan hələ də qurtara bilmirlər.
Onlar Ermənistan vətəndaşlarıdır. İkinci prezident səlahiyyətlərini icra edən və ölkəni idarə etdiyini düşünən Serj Sarkisyanın təəbələri. Vətəndaş adlansalar da, vətənlərini sevmir və elə vətən də onları qəbul etmir. Bu adamlar ən yaxşı halda Ermənistan adlanan coğrafi arealın sakinləridir. Çünki vətənini sevən insanlar bu sevginin satılmasına göz yumaraq susmazlar.
...Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin "Radio Azatutyun"a verdiyi müsahibəsində maraqlı məqamlara toxunub. O, MDB məkanında Moskvanın yaratdığı və hər vəchlə möhkəmləndirməyə, səbatlı etməyə çalışdığı yeni layihəsi olan Gömrük Birliyinə Ermənistanın da qatılmasından bəhs edib.
Volınkin bildirib ki, bu təşkilata qoşulmaqla Ermənistan dövlət müstəqilliyi və suverenitetinin "bir qismindən imtina etmək, güzəştə getmək məcburiyyətindədir".
Ermənistan prezidenti Serj Sarkisyan Gömrük Birliyi ilə bağlı açıqlamalarında bu təşkilata üzvlüyün ölkənin suverenliyinə əsla xələl gətirmədiyini, əksinə dövlətin imkanlarını daha da artırdığını, təşkilata üzv ölkələrlə ticari və iqtisadi əlaqələri aktivləşdirəcəyini, bununla da ermənilərə xeyirli olacağını vurğulayır. Rəsmi Yerevan son həftələrdə fasiləsiz bəyanatlar verərək erməniləri inandırmağa çalışır ki, "postsovet məkanında dövlətlərarası əlaqələrin yeni formatı olan Gömrük Birliyi üzv ölkələr arasında qarşılıqlı sərfəli əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla yanaşı, Ermənistanı daha da gücləndirəcək". O da vurğulanır ki, sən demə, Serj Sarkisyan hakimiyyəti ölkənin geosiyasi mövqelərini daha da gücləndirmək və xarici siyasətdə əhəmiyyətli uğurların təməlini qoymaq üçün bu addımı atıb.
Bir sözlə, Sarkisyan rejimi bildirir ki, Gömrük Birliyinə qatılmaq Ermənistanın suverenliyini daha da möhkəmləndirəcək, müstəqilliyini gücləndirəcək, siyasi və iqtisadi-maliyyə potensialını əhəmiyyətli dərəcədə səbatlı edəcək.
Onlar deyirlər ki, Ermənistanın suverenliyi üçün heç bir təhlükə yoxdur. Təbii, belə bəyanatlar ya hakimiyyət mənsubları, ya da hakimiyyətə çox yaxın olsalar da, özlərini "müstəqil" siyasətçi və ya ekspert kimi təqdim edən insanlara məxsusdur.
Həmin şəxslər Ermənistanın suverenliyi ilə bağlı hazırda ən mühüm problemlərdən birinə çevrilmiş məsələ ilə bağlı o qədər asanlıqla, ləyaqətsizliklə, şərəfsizliklə yalan danışırlar ki, ermənilərin özləri belə yaramazlığa təəccüblənirlər.
Təhlükəli olan əsas məsələ odur ki, ölkənin dövlət müstəqilliyi və suverenliyi kimi müstəsna əhəmiyyət daşıyan məqama belə münasibət bəsləyən hakimiyyətdən hər yaramazlığı gözləmək olar.
Suverenlik elə bir ünsür və kateqoriyadır ki, onunla bağlı istənilən, hətta ən müstəbid və tiranik hakimiyyətlər belə, müstəsna dərəcədə ehtiyatla davranırlar. Hər halda bütün diktaturalar mövcudluqlarına haqq qazandırmaq üçün suverenliklə bağlı patetik, bəlağətli çıxışlar edirlər. Ən murdar, odioz, siyasi əxlaqdan çox uzaq diktatorlar xalqlarına və bəşəriyyətə qarşı mənhus cinayətlərini məhz dövlət müstəqilliyinin təminatı, suverenliyin qorunması kimi "məcburiyyət"lərə istinad edərək törədiblər və indi də törədirlər.
Şübhə yox ki, deyilənlərin hamısı boş sözlərdir və suverenlik məsələsi belə hakimiyyət hərisləri üçün pərdə, cinayətlərini ört-basdır etmək üçün vasitə idi. Fəqət, o insanların idarə etdikləri ölkələrin suverenliyi vardı: eybəcər, tanınmaz hala salınaraq əcaib formada istismar olunsa da.
Ermənistanda isə hakimiyyət dairələri dövlət suverenliyini məişət problemlərinin təminatı vasitəsilə, həyasız yalan predmetinə çeviriblər.
Erməni siyasətçiləri və mediası da artıq etiraf edirlər ki, Serj Sarkisyan hakimiyyəti belə həddi keçibsə, Yerevandakı iqtidardan, ümumiyyətlə, əxlaq, qanun və mənəviyyatın bütün hədlərinin tapdanmasını gözləmək olar. Erməniləri qorxudan da budur.
Cənubi Qafqaz təki geosiyasi önəm daşıyan, regional problemlərin sayının azalmadığı bölgədə yerləşən Ermənistanın qonşu dövlətlərdə münasibətlərinin bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, Sarkisyan iqtidarının suverenliklə bağlı mövqeləri erməniləri təlaşa salıb. Axı istənilən dövlət, hətta Ermənistan təki "fail state" üçün taleyi, tərəfdaşların seçimi və xarici siyasətdə istiqamətlərin müəyyənləşdirilməsi məsələlərində tam, maksimal müstəqillik həyati əhəmiyyət daşıyır.
Amma Ermənistan öz müstəqilliyini Moskvaya peşkəş edib və Rusiyanın Yerevandakı səfiri də bunu etiraf etməkdən əsla çəkinmir.
"Gömrük Birliyinə üzv olan bütün ölkələr, o cümlədən də Rusiyada da suverenliklə bağlı belə güzəştlərə gedir" deyən səfirin sözləri də yalandır. Çünki postsovet ölkələrini hər vasitə ilə Gömrük Birliyinə qatmağa çalışan Moskvanın əməlləri və səyləri göz qabağındadır. Rusiyanın bu təşkilatda özü üçün mühüm nədənsə imtina etməsi iddiaları həddən ziyadə şübhəli məsələdir. Yoxsa Rusiya nədən MDB ölkələrinə təzyiq etsin ki?!
Moskva güzəştə getmək üçün yox, sahiblik etmək üçün təzyiqlərə əl atır.
Ermənistanda hakimiyyət mənsublarının yalanları və absurd bəyanatları adi hala çevrildiyindən Rusiyanın Yerevandakı səfiri də açıqlamalarında diplomatik hədləri keçməməyi məcburiyyət saymır. O, nə etdiyini gözəl bilir. Müstəqilliyi tapdaq altında olan, xarici və daxili siyasəti bütünlüklə Rusiyadan alınan göstərişlər əsasında formalaşan ölkədə səfir özünü metropoliyanın səlahiyyətli təmsilçisi sayır, çalışdığı ölkənin sakinlərinə yalnız istismara layiq aborigenlər kimi baxır və olduğu məkanın sərvətlərini talan edərək daşınmasına şərait yaratmağa can atır.
Ermənilər bu şəraitlə barışmamalı, asılılıqdan qurtulmağın yollarını aramalıdırdar. Əks halda onların övladları itirilmiş, puç olmuş dövlətlərini axtarmalı olacaqlar.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53