İlham Rəhimov niyə Putinin qəzəbinə gəlib
11:54 21-11-2013
CƏMİYYƏT
İlham Rəhimov niyə Putinin qəzəbinə gəlib
Rusiya prezidenti tələbəlik dostunun Moskvadakı biznesini çökdürür
Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları azərbaycanlı milyarder, prezident Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimovun daha bir obyektində yoxlamalara başlayıb. Rusiya qaynaqları xəbər verir ki, İlham Rəhimova və yəhudi ortaqları Qod Nisanovla Zarah İliyevə məxsus olan “Sadovod” bazarında noyabrın 19-da keçirilən reydlərin ardınca iş adamlarına məxsus “Moskva” ticarət mərkəzində də yoxlamalar başlayıb.
Polis, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının və İstintaq Komitəsinin müstəntiqlərinin keçirdikləri yoxlamalar zamanı ticarət mərkəzində qanunsuz bank fəaliyyəti ilə məşğul olan Çin vətəndaşlarının müəyyən edildiyi bildirilir.
Həmçinin ticarət mərkəzində Orta Asiya, Cənubi Qafqaz respublikalarından, hətta Əfqanıstandan olan qeyri-leqal miqrantlar aşkarlanıb.
Ticarət mərkəzində yoxlamalar bu gün də davam edir. Ticarət mərkəzində axtarışlarla eyni vaxtda Moskva və Moskva ətrafında fəaliyyət göstərən bir neçə hüquqi şəxsin ofisləri də yoxlanılır. Polisin məlumatına görə, söhbət pulların nəqdləşdirilərək qanunsuz dövriyyəsini təşkil edən, o cümlədən xarici offşor zonalara köçürən mütəşəkkil cinayətkar qruplaşmadan gedir.
Yoxlamalar zamanı böyük məbləğdə pul, əlyazma formasında qeydlər, elektron daşıyıcılar, qanunsuz bank əməliyyatlarını təşkil edən və həyata keçirən hüquqi şəxslərin maliyyə sənədləri, 190 möhür, “Bank-Müştəri” sisteminin açarları və digər dəlillər tapılıb.
Moskva Şəhər Daxili İşlər İdarəsinin bildirdiyinə görə, qanunsuz bank əməliyyatının iştirakçısı olan iki Çin vətəndaşı, habelə cinayətkar şəbəkənin təşkilatçısı olan Moskva vilayəti sakini saxlanılıb. Tverskoy Rayon Məhkəməsi saxlanılanlar barəsində sabah həbs qərarı çıxaracaq.
Bundan əlavə, “Moskva” ticarət mərkəzindəki reyddən sonra polis məntəqələrinə 100-ə yaxın Çin, Vyetnam, Tacikistan, Özbəkistan, Azərbaycan və Əfqanıstan vətəndaşı aparılıb. Onların miqrasiya rejimini pozduqları və deportasiya ediləcəkləri bildirilir.
Xatırladaq ki, “Sadovod” bazarında keçirilən reydlərdə 600-dən çox adam saxlanılmışdı. Onlardan 20-nin qeyri-leqal miqrant olduğu açıqlanıb.
Qeyd edək ki, bu, İlham Rəhimovun bazarında son bir ayda keçirilən ikinci irimiqyaslı reyddir. Moskva meri Yuri Sobyanin bazarın sökülməsi barədə qərar verib, ancaq digər bazarlardan fərqli olaraq onun yerində müasir ticarət mərkəzi tikilməlidir.
“Moskva” ticarət mərkəzi eyniadlı keçmiş univermağın yerində fəaliyyət göstərən iri ticarət obyektidir və Azərbaycandan olan iş adamlarının əsas gəlir nöqtələrindən biridir.
Təəccüb doğuran isə indiyədək Rusiya prezidenti Vladimir Putinlə yaxın, səmimi münasibətlərindən danışan İlham Rəhimovun Moskvadakı biznesinin belə sürətlə çökdürülməsidir. Putinin tələbəlik dostu olan və son vaxtlaradək Rusiya prezidenti ilə münasibətləri qalan Rəhimovun bu ölkədəki biznesinin təhlükə altına düşməsi onun Kremlin sahibi ilə əlaqələrinin korlanmasından xəbər verir.
İstisna edilmir ki, bu, birbaşa adıçəkilən iş adamının hansısa "siyasi ÇP"si və ya qeyri yanlış davranışı ilə bağlıdır. Putin kimliyindən asılı olmayaraq özünə və hakimiyyətinə qarşı qeyri-korrekt hərəkətləri sevmir və bunu bir başqa azərbaycanlı iş adamı, "AST Telman ləqəbli Telman İsmayılovun timsalında artıq bir dəfə görmüşük. İsmayılov qısa vaxt ərzində Rusiyadakı biznesindən məhrum edildi, hətta onun həbs ediləcəyinə dair iddialar da ortaya çıxmışdı. Bütün bunların sonunda "AST telman" öz ailəsi və biznesi ilə birgə Türkiyəyə sığınmaq məcburiyyətində qaldı.
Bir çoxları ona qarşı bu cür qəfil və aqressiv addımları Putinin gözündən düşməsi ilə izah edirdilər. İstisna edilmirdi ki, bunun arxasında İsmayılovun Putini sevməyən Rusiya siyasi çevrələri ilə hansısa kontaktları dayanır. "AST Telman"ın Medvedevpərəst olmasının da onun "vurulması"nda əsas səbəblərdən biri olduğuna dair versiyalar vardı.
İlham Rəhimova qarşı çökdürmə əməliyyatının haradan qaynaqlandığını isə demək çətindir. Onun Kreml sahibi ilə yaxın ilişkidə olmasına rəğmən Putin hakimiyyətinin hansısa qanadı tərəfindən sevilməməsi və bu səbəbdən Moskvadakı biznesinin zərbə altına düşməsi real görünür.
Doğrudur, azərbaycanlı iş adamının bazarlarına qarşı total hücumu bütünlükdə Rusiya hakimiyyətinin son vaxtlar azərbaycanlı miqrantlara qarşı addımları kontekstində dəyərləndirənlər də var. Amma razılaşaq ki, Rəhimovun yaxın dostu olan Rusiya prezidenti ilə münasibətləri əvvəlki səviyyədə qalmış olsaydı, onun qonşu ölkədəki biznesinə yönəlik belə addımlar da atılmazdı.
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10