Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.
"Unikal" xəbər verir ki, Dövlət Xidməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu nəşri “World Economic Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Mədəni irsdə ictimai iştirak üzrə mükəmməllik - Azərbaycan 2026” (Excellence in Public Engagement for Cultural Heritage Azerbaijan 2026) beynəlxalq mükafata layiq görülüb.
Sözügedən mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində ictimai iştirakçılığın təmin edilməsi, innovativ yanaşmaların tətbiqi, mədəni irs obyektlərinin rəqəmsallaşdırılması və məlumat bazalarının effektiv idarə olunması istiqamətində həyata keçirilən uğurlu fəaliyyətə görə təqdim olunub. Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim olunması, müraciətlərin operativ və şəffaf qəbulunun təmin edilməsi xüsusi vurğulanıb. Vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə və müraciətlərin icra vəziyyətinin real vaxt rejimində izləmə imkanları nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edən və ictimai iştirakçılığı təşviq edən model kimi dəyərləndirilib.
Həmçinin, gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılması məqsədilə həyata keçirilən “İrs Dostu” könüllü proqramı da yüksək qiymətlənirilib. Proqram çərçivəsində könüllülərin mədəni irs obyektlərinin mühafizəsi, maarifləndirmə və təbliğat tədbirlərində, tədqiqat və monitorinq proseslərində, habelə təşkilati işlərdə fəal iştirakı ictimai iştirakçılığın gücləndirilməsi baxımından mühüm təşəbbüs kimi qeyd olunub.
Beynəlxalq qurumlar tərəfindən verilən bu mükafat Azərbaycanın mədəni irsin qorunması sahəsində həyata keçirdiyi islahatların, müasir idarəetmə prinsiplərinin, rəqəmsal inkişaf strategiyasının və cəmiyyətin mədəni irsin qorunması prosesində fəal iştirakına yönəlmiş siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, “World Economic Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Avstraliya, ABŞ, İsveçrə, Portuqaliya, Kanada, Misir, Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.
Dövlət Xidməti cari il ərzində mədəni irsin qorunması və idarə olunması sahəsində bir sıra beynəlxalq mükafatlara layiq görülərək, Azərbaycanın mədəni irs sahəsində artan nüfuzunu və innovativ yanaşmalarını dünya miqyasında nümayiş etdirir.
Azərbaycan ABŞ-də beynəlxalq mükafata layiq görüldü
16:18 08-07-2026
DÜNYA















































.jpeg)


