Kərəm Həsənovun işçilərinə rüşvət ittihamı
11:56 21-11-2013
CƏMİYYƏT
Kərəm Həsənovun işçilərinə rüşvət ittihamı
Komitə ilə bağlı şikayətlər səngimək bilmir
Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) şikayətlər səngimir. Komitənin tərkibindəki çeşidli qurumlardan xüsusilə rüşvətlə bağlı çoxsaylı gileylər, iddia və ittihamlar eşidilməkdədir.
Sonuncu belə şikayət "Azadlıq" radiosunun "qaynar xətt"inə edilib. Belə ki, Bakı sakini Saleh Quliyev bildirib ki, 4 ildir Sabunçu rayonu, Zabrat qəsəbəsində aldığı 10 sot torpaq sahəsinə “çıxarış” verilmir.
Onun sözlərinə görə, hər dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibindəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə gedəndə ondan aşkar şəkildə rüşvət istəyirlər: “Əvvəl 2 min manat istədilər, sonra məbləği 1500-ə, sonra da 1000 manata endirdilər. Mən isə bildirdim ki, dövlət rüsumundan əlavə 1 qəpik də ödəyən deyiləm. Axı niyə də rüşvət verməliyəm? Mən ki, qanunsuz iş görmürəm. Sənədli, qanuni torpağa “çıxarış” almaq istəyirəm.
Bütün sənədləri də təqdim etmişəm. Mənim sənədlərimdə bir çatışmazlıq olsaydı, rüşvətin məbləğini qaldırardılar, endirməzdilər. Bir var, özün şirinlik verəsən, bir də var adamın üzünə dirəşsinlər ki, yox, pulu verməsən, sənəd görməyəcəksən. 4 ildə şəkər, əsəb xəstəlikləri də tapdım. O torpağa da, əlimdəki sənədlərə də od vurub yandıraram, ancaq qanuni işə görə bir qəpik də rüşvət vermərəm”.
Saleh Quliyevin deməsinə görə, 4 il idarənin yollarında qalmasının səbəbi də bu inadkarlığıdır: “Onlar da məni bu get-gəllə başa salmağa çalışırlar ki, rüşvət verməkdə inadkarlıq edənə sənəd yoxdur. Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş torpaqdır. Bir var bələdiyyə torpağı ola, bir də var elə Komitənin özəlləşdirdiyi torpaq. Yəni “çıxarış” vermələri üçün heç bir qaranlıq, aydınlaşdırılmalı məqam yoxdur”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən isə “qaynar xətt”ə bildiriblər ki, Saleh Quliyevin çıxarış sənədi almaq istədiyi torpaq sahəsində ölçü işləri aparmaq üçün dəfələrlə müraciət etsələr də, o, idarənin mühəndisinə bunun üçün şərait yaratmayıb.
Saleh Quliyev isə deyilənləri bəhanə adlandırıb: “Elə mənim özümə də bu məzmunda məktub göndəriblər. Ancaq nə vaxt gəldilər, nə vaxt ölçü aparmaq təklif etdilər, bunu xatırlamıram”.
Şikayətçi yaxın vaxtlarda sənəd əldə edə bilməsə, məhkəməyə müraciət edəcəyini deyib.
Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və onun rayon və şəhər ərazi idarələri daxil olmaqla, ƏMDK-nın çeşidli qurumlarında rüşvət faktları ilə bağlı davamlı şikayətlərin edilməsi, ittihamların səslənməsi Kərəm Həsənovun komitəsində bununla bağlı ciddi problemlərin varlığını təsdiqləyir.
Xatırladaq ki, ötən ay Baş Prokurorluq daha çox korrupsiya faktı aşkarlanan qurumların adını açıqlayıb. Həmin qurumlar arasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin adı da xüsusi olaraq vurğulanıb. Bu da yuxarıda haqqında bəhs etdiyimiz şikayət və ittihamların əsassız olmadığı barədə mülahizə irəli sürməyə imkan verir.
Onu da deyək ki, hələ ötən il Kərəm Həsənov rəhbərlik etdiyi komitədə korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində iki müşavirə keçirib. O, komitənin məsul vəzifəli şəxslərinə rüşvət və korrupsiyadan uzaq durmalarına dair tapşırıqlar verib. Ən azı həmin vaxt yayılan rəsmi məlumatlarda belə deyilirdi.
Amma aradan xeyli müddət keçməsinə rəğmən istər ƏMDK, istərsə də onun tabeçiliyindəki qurumlarla bağlı rüşvət və korrupsiya iddialarından bol şikayətlərin edilməsi, KİV-də bununla bağlı çoxsaylı yazılar dərc olunması iki cür qənaət yaradır. Ya Həsənovun belə tapşırıq və göstərişləri sadəcə, görüntü məqsədi daşıyıb, kampaniyaçılıqdan başqa bir şey olmayıb. Ya da komitə sədrinin dedikləri onun işçiləri tərəfindən qeyri-ciddi qəbul olunur, daha dəqiq desək, onlar Kərəm Həsənovu eşitmir və "köhnə hamam, köhnə tas" prinsipi ilə işləməyə üstünlük verirlər.
Əks halda komitə sədrinin rəhbərlik etdiyi qurumda rüşvət və korrupsiyaya son qoyulmasına dair tapşırıqlarından sonra da ƏMDK-ya qarşı oxşar iddia və ittihamlar, tənqid və şikayətlər səngimirsə, görəsən bunu başqa nə ilə əsaslandırmaq olar?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06