Bakı şəhərinin mərkəzində yerləşən “Sovetski” adlanan ərazi son illərdə böyük dəyişikliklərin şahidi olur. Köhnə evlərin sıx yerləşdiyi bu ərazidə avqustun 7-də söküntü işlərinə start verilib. Ərazidə paytaxtın Mərkəzi Parkının genişləndirilməsinin davamı olaraq yaşıllıqlar salınacaq, daha sağlam, funksional və estetik mühit formalaşdırılacaq.

"Unikal" xəbər verir ki, hazırda ərazidəki köhnə və yararsız yaşayış binalarından biri sökülüb. Ərazidəki dəyişikliklər sadəcə görünüşün yenilənməsi deyil, şəhər sakinlərinin gündəlik həyatının keyfiyyətini artırmağa yönəlmiş genişmiqyaslı planların tərkib hissəsidir.

Ərazidə həyata keçirilən yenilənmə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” çərçivəsində Paytaxtın mərkəzində yaşıl, rahat və sosial-mədəni baxımdan zəngin ictimai məkanların yaradılması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Həyata keçirilən dəyişikliklər, eyni zamanda, şəhərin mərkəzindəki yaşıllıq sahələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə xidmət edir. Burada salınacaq yaşıl zolaqlar və ictimai məkanlar Mərkəzi Parkın ərazisinin daha da böyüməsi ilə nəticələnəcək. Bu təşəbbüs Bakının ən iri və çoxfunksiyalı park kompleksinin salınmasına zəmin yaradır. Gələcəkdə park yalnız rekreasiya məkanı deyil, eyni zamanda, sosial, mədəni və ekoloji həyatın mərkəzi olacaq.

Layihə yalnız şəhərin bu ərazisinin yenilənməsini deyil, eyni zamanda, gözəlliyini daha da artırmağı hədəfləyir. Yaradılacaq yeni ictimai məkanlar təkcə istirahət üçün deyil, həm də sosial əlaqələr, mədəni tədbirlər və fəal həyat tərzi üçün əlverişli imkanlar təqdim edəcək. Ərazidə həyata keçirilən layihə paytaxtımızın mənzərəsini daha da cazibədar edəcəkdir.