"Konstitusiyaya düzəlişlərin edilməsi gündəliyi Ermənistan Respublikasının hakim partiyasının seçkiqabağı proqramına daxil edilib, biz mətni ilin sonuna qədər dərc edəcəyik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib. 

Paşinyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konstitusiya dəyişiklikləri ilə bağlı verdiyi açıqlamasına toxunub: "Biz Ermənistanın daxili həyatı ilə bağlı məsələləri xarici siyasət sahəsində müzakirə etmirik. Konstitusiyaya düzəliş gündəliyi Ermənistan Respublikasının hakim əksəriyyətinin seçkiqabağı proqramına daxil edilib və bu, faktdır. Yəni seçkiqabağı proqramda yeni Konstitusiyanın qəbul edilməsi zərurəti qeyd olunur və 726 min nəfər ona səs verib. 

İndi son tarix bitib, təkliflər müzakirə olunub, ilin sonuna qədər mətni dərc edəcəyik". 

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov 9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər.

Ağarza Elçinoğlu