Vəzifə arzusuna çatmayan icra başçıları
12:24 22-11-2013
İQTİSADİYYAT
Vəzifə arzusuna çatmayan icra başçıları
“Unikal”dan ilginc araşdırma: hansı keçmiş rayon rəhbərlərinin vəzifə gözləntiləri doğrulmaq bilmir?
Son prezident seçkilərindən öncə bir çox sabiqlər yeni vəzifə ümidləri ilə yaşayırdılar. Hətta bir çoxları bunun anonsunu belə, vermişdilər. Onların arasında bəzi rayonların keçmiş icra başçılarının da adı yer alırdı.
Prezident seçkilərinin üstündən bir ay keçməsinə rəğmən yenidən onlara etibar ediləcəyini gözləyən sabiqlərin əksəriyyətinin, əsasən də keçmiş icra başçılarının gözləntiləri özünü doğrultmayıb. “Unikal”ın məlumatlı mənbələr əsasında hazırladığı araşdırmada yenidən görəv əldə etmək istəyən icra başçılarının hələ ki, reallaşmayan arzularından danışılır.
Beləliklə, vəzifə gözləyib amma ona qovuşmayan sabiq icra başçıları kimlərdir? Belə keçmiş məmurlar arasında adı ön plana çıxanlardan biri
YAP-da siyasi statusa malik olan Goranboyun keçmiş rəhbəri Musa Musayevdir.
Yada salaq ki, bir neçə ay əvvəl mətbuata müsahibəsində Goranboyun sabiq icra başçısı maraqlı bir anons vermişdi. Musa müəllim demişdi ki, tezliklə yeni posta təyinat alacaq. Sabiq icra başçısı müsahibəsinin həmin bölümündə bildirmişdi: “Sərəncama çıxarılmışam və yəqin ki, yaxın vaxtlarda yeni vəzifəyə təyin olunacağam. Cənab prezident məni hansı vəzifəyə müvafiq bilsə, mən o işlə məşğul olacam ”.
Amma aradan xeyli vaxt keçməsinə rəğmən sabiq icra başçısının dedikləri gerçəkləşməyib. Onun yeni vəzifəyə təyin olunacağı ilə bağlı verdiyi anons elə anons olaraq da qalıb.
Qubanın ötən ilki məlum iğtişaşlar zamanı görəvindən alınan icra başçısı Rauf Həbibovun da bir xeyli vaxtdır yeni vəzifəyə təyin ediləcəyi deyilsə də, bu iddialar reallaşmayıb.
Üç ildir işsiz olan paytaxtın Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyevin də uzun müddət nazirliklərin birində işə düzəlmək niyyətində olduğu bildirilir. Xatırladaq ki, o, 2009-cu ilin sentyabrın 23-də ölkə prezidentinin sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilib. Bundan sonra M.Əliyevə məxsus obyektlərdə axtarış aparıldığı və hətta bağından külli miqdarda qızıl tapıldığı barədə məlumatlar yayılmışdı. Sonuncu dəfə isə bir neçə ay əvvəl sabiq icra başçısının adının Bakıdakı beynəlxalq hava limanında gömrük bəyannaməsində qeyd olunmayan bahalı saat keçirmək qalmaqalında hallandığını xatırladaq.
Qazağın sabiq icra başçısı, ciddi siyasi ÇP səbəbindən qəfil şəkildə görəvindən alınan Rauf Hüseynovun da uzun müddətdir vəzifə ümidi ilə yaşadığı qeyd olunur. Postunu itirdikdən sonra daşınmaz əmlakının xeyli hissəsini satışa çıxarmaq məcburiyyətində qaldığı və biznes obyektlərinin bir hissəsinin əlindən alındığı qeyd edilən Qazağın yeni rəhbərinin vaxtilə çalışdığı vergi orqanlarında karyerasını davam etdirmək istədiyi, amma bu istiqamətdə gözləntilərinin doğrulmadığı da səslənən iddialar arasındadır. Deyilənə görə, artıq gözləməkdən yorulan keçmiş icra başçısı Almaniyaya köçmək fikrinə də düşübmüş. Onun oğlunun burada yaşadığı, Rauf Hüseynovun özünün də orada müəyyən gəlir qaynaqlarının olduğu yönündə söz-söhbətlər var.
Daha bir keçmiş icra başçısı - Nizami Ələkbərov da İsmayıllı hadisələrinin ardınca görəvini itirməsinə baxmayaraq yenidən vəzifəyə təyinat alacağını gözləsə də bu, reallaşmayıb. Son prezident seçkilərindən sonra üstəlik qardaşı - sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun “vurulması” İsmayıllının keçmiş rəhbərinin vəzifə gözləntilərinin reallaşmasını daha da mümkünsüz hesab edir. Düzdür, bir neçə həftə onun nazirliklərdən birinə şöbə müdiri təyin edildiyi xəbəri yayıldı və dərhal da təkzib edildi; amma Nizami Ələkbərov bu məlumatlara aydınlıq gətirən açıqlamasında ölkə rəhbərliyinə sədaqətli olmasına eyham vuraraq, yenidən hər hansı post almaq niyyətini gizlətmədi. Amma onun da gözləntiləri reallaşmamaqdadır və reallaşması da olduqca az ehtimal edilir.
Bir neçə digər sabiq icra başçısının da yeni təyinat gözləntisi içərisində olduğu, amma onların da bu istəyinin hələlik reallaşmadığı, bir çoxlarının isə artıq bunun mümkünsüz olduğu qənaətinə gələrək belə gözləntilərdən əl çəkdiyi deyilir. Onlar qərara gəliblər ki, bundan sonra artıq birmənalı şəkildə biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53