Rus ayısının Qarabağ payı
12:28 22-11-2013
İQTİSADİYYAT
Rus ayısının Qarabağ payı
Ermənistandan təxribatçı gedişlər
Dağlıq Qarabağla bağlı danışıqlar intensivləşdikcə gündəmə yeniliklər gəlir. Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə bildirildi ki, əsas müzakirə predmeti Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların azad edilməsi olub. Bunu da vurğulayaq ki, bu model artıq 3 ildir ki, müzakirə edilir və bir neçə dəfə Ermənistan tərəfi buna razılıq versə də son anda bundan imtina etdilər. İndi isə deyəsən gündəmdə yeni şərt var.
Belə ki, Dağlıq Qarabağdakı separatçı rejim sülh danışıqları prosesində iştirakının təmin olunmasını tələb edən bəyanat yayıb. Qondarma rejimin "xarici işlər nazirliyi" Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirlən görüşü barədə açıqladığı bəyanatda bildirib:"Biz hesab edirik ki, tənzimlənmə prosesində real inkişaf yalnız Dağlıq Qarabağın tam hüquqlu üzv olaraq danışıqlar prosesinə qatılması nəticəsində baş verə bilər. Dağlıq Qarabağ sülh danışıqlarının bütün mərhələlərində birbaşa olaraq tam hüquqla iştirak etməlidir"-deyə bəyanatda deyilir. İki ölkə prezidentinin görüşünü "münaqişənin sülh yolu ilə həll edilməsində mühüm amil" hesab edən qondarma qurum bildirib ki, "bu görüş münaqişənin həlli üçün sülh yolundan başqa imkanın olmadığını göstərir".Əslində isə bu təklif ATƏT-in Minsk qrupunun fransalı həmsədirinin bir ay öncə verdiyi açıqlamanın deformasiya olunmuş formasıdır. Belə ki, fransalı həmsədr bildirmişdi ki, danışıqlar prosesinə Dağlıq Qarabağ icmalarıda qatılarsa daha effektli ola bilər. İndi isə separatçılar bu ideyanın formasını dəyişərək, özlərini bir tərəf kimi təqdim etməyə çalışırlar. Amma ekspertlər bildirir ki, bu ideya özünü heç bir halda doğura bilməz və bu mövzu ona görə gündəmə gətirilib ki, danışıqlar prosesində lazım olanda tormuzlayıcı funksiyasını yerinə yetirə bilsinlər.Bununla yanaşı həm də Rusiya tərəfinin də proseslərə maraqlı yanaşmasının şahidi oluruq. Belə ki, artıq rəsmi Kremlə yaxın olan analitiklər hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün iki maraqlı yenilik etmək olar. Birinci halda Dağlıq Qarabağda idarəetməni bir başa Rusiya həll edir və nəticədə münaqişə tərəfləri qarşılıqlı ittihamlardan imtina edirlər. Digər təklif isə bundan ibarətdir ki, proseslər tam həll olunana qədər Rusiya hərbi bazası sülhməramlı rolunda Dağlıq Qarabağa yerləşdirilsin. Ümumiyyətlə son zamanlar Rusiyanın Ermənistandakı hərbi bazasının rolu kifayət qədər şişirdilir. Hətta bu bazanın komandanı bəyan etmişdi ki, müharibə başlayarsa baza Ermənistanın ixtiyarına veriləcək. İndi isə məlum olur ki, Rusiya Azərbaycana təzyiqlərini artırmaq üçün məhz bu bazadan istifadə etmək niyyətindədir və baza iki dəfə böyüdülüb. Belə ki, Gümrünün 8 məhəlləsində keçmişSovet hərbiçilərinin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb.Çünki Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir,səbəb isə həm də odur ki, Rusiyadan 3 minə yaxın gənc əsgər Ermənistana gəlib.
Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün İrəvan və Gümrü qarnizonlarında peyvəndlər vurulur.
Qeyd edək ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur.Son aylar Rusiya hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb.Maraqlıdır, Rusiyanın Ermənistandakı hərbi bazasını böyütməsi hansı fəsadları yarada bilər. "Unikal"a ekskulizv açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya ilə Ermənistan arasında uzunmüddətli, yəni 2049-cu ilə qədər hərbi müttəfiqlik barədə müqavilə var və hazırda onun icrası prosesi gedir:-" Ermənistandakı rus əsgərlərinin sayının ikiqat artırılması da bu müqaviləyə uyğun şəkildə həyata keçirilir. Eyni sözləri son zamanlar Ermənistana göndərilmiş ən müasir hərbi texnika barəsində də demək mümkündür. Rusiyanın Ermənistanı müntəzəm şəkildə silah və hərbi texnika ilə təchiz etməsi bəlli məsələdir və sözügedən fakt da bu silsilənin davamıdır. Hesab edirəm ki, bu məqamda Azərbaycan cavab addımı olaraq beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıdır. Mənim bildiymə görə, Rusiya Ermənistana satdığı və yaxud bağışladığı silahlar, hərbi texnika barədə BMT-yə belə bir hesabat verməyib. Ona görə də Azərbaycan bu məsələdə israrlı olmalıdır. Silahlara nəzarət üzrə beynəlxalq inspeksiya adi bir prosedurdur".
Ekspertin sözlərinə görə, "Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı Rusiyanın bu cür israrla silahlandırması ondan xəbər verir ki, Rusiya nümayişkaranə şəkildə Dağlıq Qarabağ münaqişəsini körükləməklə məşğuldur və bu problemin ədalətli şəkildə həll edilməsində maraqlı deyil. Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, Rusiya Cənubi Qafqazdakı mövcud balansı qoruyub saxlamaq baxımından Qərb dövlətləri ilə də hesablaşmaq niyyətində deyil. Yəni şimal qonşumuz bölgədə pis mənada katalizator rolunu oynamaqda davam edir". Həmçinin ekspertlər bildirir ki, Rusiyanın belə bir addım atması siyasi bir prosesdir və bu addımla qərbin və ABŞ-in regiondan sıxışdırılıb çıxarılmasına xəhdlər edilir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Unikal"a verdiyi açıqlamada bunu dünyanın yenidən bölüşdürülməsi prosesi və Rusiya bu prosesdə fəal şəkildə iştirak edə bilməsi ilə əlaqələndirir:-" Son günlər Ukraynaya, Gürcüstana, Moldovaya artan təzyiqlər də bu prosesin tərkib hissəsidir. Rusiya özünün qərbdəki buferi hesab etdiyi zonaları əlində saxlamaq xülyası ilə sərt manevrlərə başlayıb. Ermənistandakı silahlı güclərini artırması da bu prosesin davamı kimi qəbul edilməlidir. Yəni Rusiya dünyaya demək istəyir ki, bu bölgələr mənim nəzarətimdədir və burada söz sahibi mənəm. Rusiya bu addımları atmaqla Azərbaycan qarşısında yalnız bir çıxış yolu qoyub: Avrasiya İttifaqına daxil olmaq. Azərbaycanın siyasi rəhbərliyinin son zamanlar aktiv səfərləri də Rusiya təhlükəsini neytrallaşdırmaqla bağlıdır. Hesab edirəm ki, həm Tyürkiyə, həm Ukrayna, həm də Avstriya görüşləri zamanı bir çox məsələlər müzakirə edilib və bu müzakirələrdə Azərbaycan üçün olduqca önəmli bir sıra məsələlərə toxunulub. Buna görə də biz partiya olaraq Vilnüs sammitini keçirləcəyini gözləyirik. Fikrimizcə, bu sammitdə çox məsələlər aydınlaşacaq. Ümumiyyətlə, yaxın bir ay Azərbaycanın taleyi üçün çox önəmli olacaq və dövlətimiz taleyüklü seçim edəcək. Dövlətin siyasi rəhbərliyinin davranışından hiss olunur ki, Moskvanın planlarına razılıq verilməyəcək. Çox güman ki, Belorus prezidenti Lukaşenkonun Bakı səfərində də bu məsələlərə toxunulacaq".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53